Logo

“Rəqəmsal jurnalistika” mövzusunda təlim proqramına başlanılıb

17.11.2025 11:51 36 baxış
IMG

Medianın İnkişafı Agentliyi və “Euronews” telekanalının birgə əməkdaşlığı çərçivəsində “Euronews Academy” beynəlxalq tədris proqramının “Rəqəmsal jurnalistika” (“Digital Journalism”) mövzusuna həsr olunan növbəti mərhələsi başlayıb.

TƏHSİL.BİZ xəbər verir ki, açılış mərasimində çıxış edən “Euronews”un Bakı üzrə icraçı direktoru Fernando Soares təlimlə bağlı fikirlərini bölüşüb. O vurğulayıb ki, proqram beynəlxalq media təcrübəsinin jurnalistlərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır. “Rəqəmsal jurnalistika” təlimi iştirakçılara qlobal media prinsiplərini mənimsəmək və müasir texnologiyalardan istifadə bacarıqlarını real tətbiq etmək üçün geniş imkanlar yaradır.

Agentliyin icraçı direktorunun müavini Natiq Məmmədli diqqətə çatdırıb ki, medianın inkişafı innovativ həllərə açıq olmaq və peşəkarlığı daim artırmaqla sıx əlaqəlidir. “Bu kimi beynəlxalq təşəbbüslər yerli jurnalistlərin rəqəmsal savadlılığını yüksəldir və ölkədə media sektorunun ardıcıl, davamlı inkişafına ciddi töhfə verir. Jurnalistikanın gələcəyi texnologiya ilə insan amilinin birgə işləməsindən keçir. Gələcəyin jurnalisti həm müasir rəqəmsal biliklərə sahib olmalı, həm də insan hekayələrini səmimi və təsirli şəkildə təqdim edə bilməlidir. Çünki texnologiya və “insan nəfəsi” bir-birini tamamlayan əsas elementlərdir. Bu baxımdan yeni reallıqlara uyğunlaşmaq vacibdir. Azərbaycanda jurnalistlərin texnoloji bacarıqlarını artırmağa yönəlmiş geniş layihə icra olunur. Süni intellekt və rəqəmsal alətlərlə işləmək bu proqramın əsas istiqamətlərindəndir. Artıq həm beynəlxalq təcrübədən yararlanır, həm də yerli mediaya uyğun real praktik modellər qururuq”,- deyə N.Məmmədli əlavə edib.

Təlimdə “Euronews” telekanalının tanınmış mütəxəssisi, 14 ildən artıq beynəlxalq təcrübəyə malik multimedia jurnalisti Tuba Altunkaya təlimçi qismində çıxış edib.

Tədris prosesi interaktiv mühazirələr, praktiki tapşırıqlar, qrup müzakirələri ilə davam edib.

Təlim proqramı noyabrın 20-dək davam edəcək.

Xəbər lenti