Azərbaycan Dillər Universitetində (ADU) Ankara Universitetinin rektoru professor Necdet Ünüvar ilə ADU-nun rektoru akademik Kamal Abdulla arasında görüş keçirilib.
ADU-dan bildirilib ki, rektor Kamal Abdulla Türkiyədə yaxın günlərdə qeyd olunan Cümhuriyyət Bayramı münasibətilə türkiyəli həmkarını təbrik edib. O, bu bayramın Azərbaycan-Türkiyə qardaşlığının rəmzlərindən biri olduğunu vurğulayıb və səmimi arzularını ifadə edib.
Görüş zamanı ADU ilə Ankara Universiteti arasında uzun illərdir mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin əhəmiyyəti qeyd olunub. Tərəflər ali təhsil müəssisələri arasında elmi-tədqiqat əməkdaşlığının genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, professor-müəllim və tələbə mübadiləsi imkanları barədə fikir mübadiləsi aparıblar.
Eyni zamanda, Ankara Universitetinin TÖMER Mərkəzi ilə ADU arasında dil tədrisi, metodik dəstək və ortaq proqramların inkişafı istiqamətində əməkdaşlıq perspektivləri də müzakirə olunub.
Professor Necdet Ünüvar iki universitet arasında əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
Görüş qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi və əməkdaşlığın davam etdirilməsi barədə razılığın ifadəsi ilə yekunlaşıb.