Logo

“Mən bu ömrü elə belə yaşadım” – ADPU-da professor Mahirə Hüseynovanın yubileyi

05.11.2025 18:08 36 baxış
IMG

Noyabrın 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tanınmış dilçi alim, şair, universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın (Nağıqızı) 65 illik yubileyinə həsr olunmuş “Mən bu ömrü elə belə yaşadım” adlı ədəbi-bədii tədbir keçirilib.

Tədbirdə millət vəkilləri, dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, təhsil ictimaiyyətinin nümayəndələri, media təmsilçiləri, elm adamları, eləcə də universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

ADPU-nun rektoru professor Cəfər Cəfərov açılış nitqində qeyd edib ki, Mahirə Hüseynova həyatını bütövlükdə Azərbaycan Dövlət Pedaqoji Universitetinə həsr etmiş ziyalılardandır. O, təhsil aldığı bu ali məktəbdə müəllim kimi fəaliyyətə başlamış, kafedra müdiri, dekan və beynəlxalq əlaqələr üzrə prorektor vəzifələrində çalışaraq universitetin elmi və idarəçilik sisteminin inkişafına böyük töhfələr vermişdir.

Rektor vurğulayıb ki, professor Mahirə Hüseynova Azərbaycan dilçiliyinin görkəmli tədqiqatçılarındandır. Onun Azərbaycan dilinin elmi-nəzəri aspektlərini araşdırması, aşıq və el şairlərinin yaradıcılığına dilçilik baxımından yanaşması dilimizin poetik qatlarının elmi müstəvidə öyrənilməsinə mühüm töhfədir. Professorun monoqrafiyaları, dərslik və metodik vəsaitləri ali məktəblərdə mühüm elmi-metodik mənbə kimi istifadə olunur. Eyni zamanda, Mahirə xanımın ədəbi yaradıcılığı və ictimai fəaliyyəti də onun çoxşaxəli şəxsiyyətini tamamlayır. Mahirə Nağıqızı imzası ilə nəşr olunan poetik və publisistik əsərləri onun dərin düşüncəsini, milli-mənəvi dəyərlərə bağlılığını əks etdirir.

Cəfər Cəfərov çıxışında Mahirə Hüseynovanın beynəlxalq əlaqələr sahəsindəki fəaliyyətinə də xüsusi diqqət çəkib. Qeyd edilib ki, M.Hüseynovanın  rəhbərliyi ilə ADPU-nun bir çox xarici ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri genişlənmiş, universitetin beynəlxalq nüfuzu artmışdır. Onun təşəbbüsü ilə fəaliyyətə başlayan Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi bu gün təkcə elmi tədqiqat deyil, həm də milli yaddaşın qorunması baxımından mühüm missiya yerinə yetirir.

Elm və Təhsil Nazirliyi Aparatının rəhbəri Mətin Kərimli, Qərbi Azərbaycan İcmasının İdarə heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov və digər çıxışçılar professor Mahirə Hüseynovanın elmi-pedaqoji və ictimai fəaliyyətini yüksək dəyərləndiriblər. Qeyd edilib ki, Mahirə Hüseynova yalnız elmi nailiyyətləri ilə deyil, həm də təhsilin inkişafına, gənc kadrların yetişdirilməsinə və milli-mənəvi dəyərlərin qorunmasına verdiyi töhfələrlə seçilir. Onun elmi və ədəbi yaradıcılığında milli düşüncənin, dilin saflığının və milli-mənəvi dəyərlərin qorunması məsələləri hər zaman ön planda olub.

ADPU-nun Filologiya fakültəsinin professoru Təyyar Salamoğlu (Cavadov) yubilyarın zəngin yaradıcılıq yolu haqqında elmi məruzə edib.

Tədbirin bədii hissəsində Azərbaycan Televiziyasının Mahirə Hüseynova haqqında sənədli filmi nümayiş olunub.

Xalq artistləri Nurəddin Mehdixanlı, Gülyanaq Məmmədova, Samir Cəfərov, Əməkdar artistlər Gülüstan Əliyeva, Elnur Zeynalov, Güllü Muradova, Əməkdar mədəniyyət işçisi aşıq Samirə, eləcə də Leyla Quliyeva, Leyla Rəhimova, Tural Əhməd, Gülzar Fərəcova,  Ayşən Mehdiyava və digər incəsənət nümayəndələrinin ifasında Mahirə Nağıqızının müəllifi olduğu şeirlər və sözlərinə bəstələnmiş musiqi nömrələri səsləndirilib.

İfaçıları Rəşad İbrahimovun bədii rəhbəri olduğu "Muğam" instrumental ansamblı müşayiət edib.

Bədii hissənin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.

Sonda səhnəyə dəvət olunan yubilyar tədbirin təşkilatçılarına, həmkarlarına və qonaqlara minnətdarlığını bildirib. O, Pedaqoji Universitet ailəsinin bir parçası olmaqdan qürur duyduğunu və bu dəyərin onun həyatında xüsusi yer tutduğunu vurğulayıb.

Qeyd edək ki, professor Mahirə Hüseynovanın 65 illiyi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyası, Naxçıvan Dövlət Universiteti, ADPU-nun Quba və Şamaxı filiallarında da tədbirlər keçirilib.

 

 

 

 

Xəbər lenti