Logo

AMEA Rəyasət Heyətinin iclasında Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə hazırlıqla bağlı məsələlər müzakirə olunub

02.11.2025 10:48 55 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi müəssisə və təşkilatların direktorları və aidiyyəti şəxslər iştirak ediblər.

İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.

İclasda müzakirəyə çıxarılan ilk məsələ Azərbaycan Respublikası Prezidentinin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 22 oktyabr 2025-ci il tarixli Sərəncamından irəli gələn vəzifələr barədə olub. Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, dövlət başçısının Sərəncamında AMEA, Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyinə birlikdə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

AMEA rəhbəri qeyd edib ki, artıq Milli Elmlər Akademiyasında Qurultayın 100 illik yubileyinə həsr olunmuş tədbirlərə başlanılıb və ilk olaraq cari il sentyabrın 30-da AMEA-nın Rəyasət Heyətinin binasında Türk Dil Qurumu ilə birgə “Dünəndən bu günə Birinci Türkoloji Qurultay: ümumtürk humanitar elmi fikrinin 100 ili və perspektivləri” mövzusunda elmi konfrans keçirilib.

Birinci Türkoloji Qurultayın XX əsrdə türk xalqlarının milli özünüdərkində xüsusi rol oynadığını deyən akademik İsa Həbibbəyli ötən müddət ərzində Qurultayla bağlı bir çox önəmli tədqiqatların ortaya qoyulduğunu söyləyib, bunlar içərisində professor Adil Babayevin araşdırmalarının önəmli rol oynadığını vurğulayıb.

Həmçinin akademik Nizami Cəfərovun Birinci Türkoloji Qurultayın 100 illik yubileyi ilə bağlı “Birinci Türkoloji Qurultayın dərsləri” adlı sanballı tədqiqat əsəri üzərində çalışdığını bildirib. Eyni zamanda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədlinin ilk dəfə arxivdən Qurultayın məxfi sənədlərini aşkar etdiyini və tədqiqatlarını nəşrə hazırladığını söyləyib. Akademik İsa Həbibbəyli qeyd olunan əsərlərlə bu istiqamətdəki sanballı əsər boşluğunun doldurulacağını, yeni tarixi faktların ictimaiyyətə təqdim ediləcəyini deyib.

Sonra AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli Qurultayın məxfi sənədlərini aşkara çıxarması və onlar üzərində apardığı tədqiqatlar barədə məlumat verib.

AMEA-nın Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev isə mərhum alim Cəlal Qasımovun bu istiqamətdə yazdığı “Birinci Türkoloji Qurultay: şahidlər və şəhidlər” adlı sanballı əsəri barədə məlumat verib.

Rəyasət Heyəti tərəfindən Birinci Türkoloji Qurultayın 100 illik yubileyi ilə bağlı AMEA-nın tədbirlər planının hazırlanması ilə bağlı müvafiq qərar qəbul olunub.

İclasda müzakirə edilən növbəti məsələ AMEA-nın 80 illik yubileyinə həsr edilmiş yekun tədbirə hazırlıqla bağlı olub. Akademik İsa Həbibbəyli bir çox ölkələrin Elmlər Akademiyalarının və akademik qurumlarının rəhbər şəxslərinin iştirak edəcəyi tədbirin elmimizin dünyada nüfuzunun daha da güclənməsinə və beynəlxalq əlaqələrinin genişlənməsinə öz töhfəsini verəcəyini söyləyib.

İclasda qonaqların qarşılanması, onların tədbirlərdə iştirakının təmin edilməsi və bir sıra digər aidiyyəti məsələlərlə bağlı müzakirələr aparılıb, müvafiq tapşırıqlar verilib.

Rəyasət Heyətinin iclasında müzakirə edilən növbəti məsələ AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının bazasında “Gənclər Akademiyası”nın təsis edilməsi haqqında olub. Akademik İsa Həbibbəyli bu təşəbbüsün beynəlxalq təcrübə olduğunu və dünyanın bir çox akademik qurumlarında “Gənclər Akademiyası”nın fəaliyyət göstərdiyini bildirib. Qeyd edib ki, bu addım gənc alimlərin elmi fəaliyyətini dəstəkləmək və onların beynəlxalq elmi əlaqələrini genişləndirmək baxımından olduqca vacibdir.

Məsələ ilə bağlı çıxış edən AMEA-nın vitse-prezidenti akademik Dilqəm Tağıyev “Gənclər Akademiyası”nın təsis edilməsinin gələcəyə doğru atılmış mühüm addım olduğunu söyləyib.

İclasda, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının bazasında “Gənclər Akademiya”sı təsis edilib və əsasnaməsi təsdiqlənib. Rəyasət Heyətinin digər qərarı ilə kimya üzrə fəlsəfə doktoru Elmir Babayev “Gənclər Akademiyası”nın sədri vəzifəsinə təsdiqlənib.

Həmçinin akademik Nailə Vəlixanlının 85, akademik İsmayıl İbrahimovun isə 110 illik yubileyi ilə bağlı müvafiq qərar qəbul edilib.

İclasda qeyd olunan məsələlər ətrafında akademik Arif Həşimov, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

Xəbər lenti