Logo

Sevinc Əliyeva: Dərsliklərdə təqdim olunan mətnlər Azərbaycan ədəbiyyatının zəngin nümunələri ilə əvəz edilməlidir

03.11.2025 17:25 46 baxış
IMG

Azərbaycan Respublikasının Prezidenti, Dövlət Dil Komissiyasnın sədri İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubiley tədbirində vurğulamışdı ki, dilimizdə qarşılığı ola-ola yersiz alınmalara ehtiyac yoxdur. Dövlətimizin başçısı bu gün Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağındakı çıxışında Azərbaycan dilinin və ədəbi dilin qorunması üçün kifayət qədər tövsiyə və təkliflərini verdi. Əlli milyondan çox azərbaycanlının danışdığı, qədim ənənəyə, zəngin inkişaf tarixinə və lüğət tərkibinə malik olan dilimizin saflığının bütün sahələrdə qorunmasının vacibliyini təkrar vurğuladı. Bu isə təkcə yazıçıların, jurnalistlərin, alimlərin və dilçilərin deyil, həmçinin bu dildə qürurla danışan hər bir insanın vətəndaşlıq borcudur.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri professor Sevinc Əliyeva deyib. O media sahəsində, istər televiziya, istər yazılı mətbuatda Azərbaycan dilinin sintaktik quruluşunun pozulması və yersiz alınma sözlərin işlənməsi hallarına rast gəlindiyinə diqqət çəkərək deyib: “Bu, ilk növbədə, üslub və dilin lüğət tərkibinə bələd olmamaqla bağlıdır. Bu səbəbdən, orta məktəb müəllimlərinin üzərinə daha böyük məsuliyyət düşür. Söz ehtiyatımız və dilimiz çox zəngindir. Biz natiqliyimizlə həm dilin zənginliyini göstərə, həm onu təsdiqləyə bilərik. Düzgün danışmamaqla, düzgün yazmamaqla dilimizin qaydalarından xəbərsiz olduğumuzu nümayiş etdirmiş olarıq.

Valideyn doğma dildə gözəl danışmalı, uşaqlara düzgün nitq formalaşdırmalıdır. Bunun təməli ailədən başlayır, sonra bağçaya ötürülür”.

Sevinc Əliyeva hesab edir ki, hər bir şagirdin düzgün nitq mədəniyyətinin formalaşmasında məktəb müəllimləri məsuliyyət daşıyırlar: “Onlar şagirdləri mütaliəyə həvəsləndirməli, dərsliklərdə təqdim olunan mətnləri Azərbaycan ədəbiyyatının zəngin nümunələri ilə əvəz etməlidirlər.

Bu gün dərsliklərdə təqdim edilən mətnlər bəzən ürəkaçan olmur, düzgün seçilmir. Halbuki Azərbaycan ədəbiyyatı çox zəngindir və ziyalılarımız, yazıçılarımız yüz illərdir bu dili göz bəbəyi kimi qoruyublar. Dil milli kimliyimizin göstəricisidir. Dil liderlərimiz tərəfindən qorunur. Prezident İlham Əliyevin imzaladığı sərəncam və fərmanlarında bu məsələlər dəqiq şəkildə öz əksini tapır. Lakin bəzən icra prosesi ürəkaçan olmur. Bu isə hər birimizin məsuliyyətini artırır”.

“Bugünkü tədbirdə Prezident səsləndirdiyi fikirlərlə səlis nitqi ilə hər kəsi heyran etdi. Biz bir daha dilimizə vurulduq. Prezident öz tövsiyə və təklifləri, vurğuladığı məsələlərlə biz dilçilərin, alimlərin, bütün sahələrdə çalışan vətəndaşların məsuliyyətini artırdı”, - deyə Sevinc Əliyeva fikrini yekunlaşdırıb.

Xəbər lenti