AMEA-nın 80 illik yubiley tədbirində Azərbaycan alimləri qarşısında çıxış edən ölkə başçısı İlham Əliyev tarixçi-alimlərin elmi fəaliyyətini yüksək qiymətləndirib, onların zəhmətinin Azərbaycan tarixinin obyektiv şəkildə araşdırılmasında əvəzsiz rol oynadığını vurğulayıb. Prezident çıxışında qeyd edib ki, milli tariximizin müxtəlif dövrlərini təhrif etməyə çalışan erməni alimlərinin və onların tərəfdaşlarının fəaliyyəti hələ də davam edir və bu, yeni tarixi tədqiqatların aparılması üçün ciddi çağırışdır. Bu baxımdan, Prezident İlham Əliyev Azərbaycan alimlərinin faktlara əsaslanan əsərlərinin sayının artırılmasının, tarixi təhrif və təxribatlara qarşı elmi müdafiənin gücləndirilməsinin və bu istiqamətdə aparılacaq tədqiqatların prioritet mövzularının müəyyənləşdirilməsinin vacibliyini xüsusi qeyd edib.
Ona görə biz öz həqiqətlərimizlə çıxış etməliyik. Sözsüz ki, Prezidentin səsləndirdiyi bu fikirlər tarixçi-alimlərin qarşısına ciddi vəzifələr qoyub.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı söyləyib.
“Biz yalnız keçmişimizi araşdırmaqla kifayətlənməməli, həm də tarixi həqiqətləri elmi əsaslarla sənədləşdirməli, beynəlxalq elmi ictimaiyyətə təqdim etməliyik. Bu, tarixi irsimizin qorunması və təbliği istiqamətində sistemli və məqsədyönlü fəaliyyətin təşkili baxımından son dərəcə vacibdir. Dövlət başçısı çıxışında, həmçinin tarixi tədqiqatlarda əsas vəzifələrin müəyyənləşdirilməsinin vacibliyini diqqətə çatdırıb, tarixçilərin qarşısında duran prioritetləri açıq şəkildə ifadə edib”, - deyə akademik bildirib.
Alim bildirib ki, Prezidentin bu çağırışları tariximizin tədqiqi və təbliği ilə məşğul olan bütün qurumların, o cümlədən Milli Azərbaycan Tarixi Muzeyinin qarşısındakı öhdəlikləri daha da dəqiqləşdirir və prioritet hədəflərin düzgün seçilməsinə kömək edir: “Bu hədəflər sırasında dövrləşmə, dövlətçilik, etno-siyasi tarix, İslam sivilizasiyası, tarixi coğrafiya və s. məsələ və problemlərə yeni, obyektiv yanaşmaya ehtiyac duyulur. Belə yanaşma tarixçilər üçün həm elmi, həm də strateji araşdırmaların istiqamətini müəyyənləşdirir. Əlbəttə ki, Azərbaycan vətəndaşları, xüsusilə gənc nəsillər arasında tarixi biliklərin təbliği tarixçilərin qarşısında duran vacib məsələlərdən biridir. Tarixi yaşadan muzeyimizin əsas missiyası tarixi yalnız elmi əsərlərlə deyil, sərgilər, təqdimatlar, konfranslar, kataloqlar, tarixi xəritələrin nəşri və digər ictimai tədbirlər vasitəsilə geniş kütləyə çatdırmaqdır. Bu yanaşma milli yaddaşın qorunmasına və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə mühüm töhfə verir”.