UNEC-in Zaqatala filialında tədris prosesinə cəlb olunan xarici professorun iştirakı ilə elmi-praktiki seminar təşkil olunub.
Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Sakarya Universitetinin professoru Fərruh Tuzcuoğlu tərəfindən keçirilən seminar “Böyük şəhər bələdiyyələrinin funksiyaları və strukturu” mövzusunda olub.
Tədbirin açılışında çıxış edən UNEC Zaqatala filialının direktoru, dosent Raqif Qasımov mövzunun aktuallığını vurğulayıb, xarici professorların iştirakı ilə keçirilən elmi-praktiki tədbirlərin ali təhsil müəssisəsinin akademik və praktik potensialının gücləndirilməsində mühüm rol oynadığını qeyd edib.
Tədbirdə UNEC Zaqatala filialının əməkdaşları ilə yanaşı, Zaqatala rayonunun bələdiyyə rəhbərləri və bələdiyyə işçiləri də iştirak ediblər. Türkiyəli professor Fərruh Tuzcuoğlu böyük şəhər bələdiyyələrinin fəaliyyət mexanizmləri, idarəetmə modelləri və struktur xüsusiyyətləri barədə geniş təqdimatla çıxış edərək, bu sahədə beynəlxalq təcrübələri iştirakçıların diqqətinə çatdırıb.
İnteraktiv formatda keçən seminar zamanı iştirakçıları maraqlandıran çoxsaylı suallar müzakirə olunub və professor Fərruh Tuzcuoğlu tərəfindən ətraflı cavablandırılıb. Tədbir yerli bələdiyyə nümayəndələri üçün beynəlxalq təcrübənin öyrənilməsi və praktiki biliklərin genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edib.