I Ümumittifaq Türkoloji Qurultayda Cənubi Sibirdə yaşayan Tıva xalqının nümayəndəsi yox idi. Lakin Nikolay Nikolayeviç Poppe orada idi... Rusiyanın Sibir Federal Dairəsinə daxil edilən şimaldan Krasnoyarsk, cənubdan Monqolustan, şərqdən İrkutsk və Buryatiya Respublikası, şimal-şərqdən Xakasiya Respublikası ilə əhatə olunan Tıva Respublikasının ərazisində 1921-ci il avqustun 14-ü Tannu-Tıva Xalq Respublikası yaradıldı. 1926-cı ildən Tıva Xalq Respublikası adlandırıldı. Yalnız 1944-cü il oktyabrın 13-də Tıva Xalq Respublikası SSRİ-yə daxil edildi və Rusiya Sovet Federativ Sosialist Respublikasının (RSFSR) tərkibində Muxtar Vilayət kimi 1961-ci ilə qədər qaldı. Həmin ildən Tuva MSSR,1991-ci ildən Tuva Respublikası, 1993-cü ildən isə Tıva Respublikası adlandırıldı.
Bu fikirlər AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Türk xalqlarının tarixi və etnologiyası şöbəsinin müdiri tarix elmləri doktoru Güllü Yoloğlunun “I Ümumittifaq Türkoloji Qurultay və Tıva türkləri” adlı məqaləsində yer alıb. Məqaləni təqdim edirik.
Bu gün bir çox Rusiya mənbələri yazır ki, Tıvaların 1930-cu illərə qədər öz əlifbası olmayıb. Halbuki runi yazıların müəllifləri Tıva türklərinin də ulu babaları idilər. Bundan əlavə, monqollarla sıx əlaqələri sayəsində Tannu-Tıva Xalq Respublikasında ədəbi monqol dilindən istifadə olunduğu da məlumdur. 1925-ci ilin oktyabrında Tıva Xalq İnqilab Partiyasının IV qurultayında əlifba yaradılması ilə bağlı qərar qəbul edilir. Monqol və kiril əlifbaları müzakirə obyektinə çevrilsə də, Moskvanın təklifi bəlli idi, kiril əlifbası... Baxmayaraq ki, 1926-cı ildə Bakıda keçirilən I Ümumittifaq Türkoloji Qurultayda latın əlifbası əsasında yeni türk əlifbası ortaya qoyulmuşdu, Buzıkayev və Bryuxanov 1927-ci ildə tələsik kiril əlifbası ilə Moskvada Tıva dilində kitab hazırlayaraq çap etdirdilər. Bu, “Tıva uşaqlarının ilk öyrənmə kitabları əlifbadan başlayır” kitabı idi. Müəlliflər kiril əsaslı tıva əlifbası yaratmaq istəsələr də, ümidləri baş tutmadı, yazı geniş kütləni əhatə edə bilmədi. Çünki ziyalılar artıq latın qrafikalı əlifbanın sorağını almışdılar...
1926-cı ildə Bakıda keçirilən I Ümumittifaq Türkoloji Qurultayda qəbul olunmuş yeni türk əlifbası sayəsində SSRİ-də yaşayan xalqlar arasında latın qrafikasına keçid geniş vüsət almışdı. Bu havanın təsiri ilə Tıvada da yeni əlifbaya hazırlıq prosesi gedirdi. Maraqlıdır ki, öncə bu əlifbanın hazırlanmasını lamalar (lamaizmdə din xadimləri) Seven və Lopsan-Çimitə tapşırdılar. Onlar da 1928-ci ildə ortaya qoyduqları əlifbada alman əlifbasını əsas götürmüşdülər. Əlbəttə ki, bu əlifba da qəbul olunmadı. Bu illər Moskvada N.N.Poppe, A.A.Palmbax və Y.D.Polivanov Tıvalar üçün latın qrafikalı əlifba üzərində işləyirdilər. Onlar məhz Bakı Qurultayındakı “yanalif” dedikləri yeni türk əlifbasını əsas götürmüşdülər. Leninqraddan gələn alim N.Poppenin Qurultaya məxsusi dəvət olunanlar arasında olması, müzakirə və qərarlarda fəal iştirakı Tıvalar üçün latın qrafikalı əlifbanın yaradılmasında müstəsna rol oynadı və o öz layihəsini 1929-cu ildə təkmilləşdirilməsi üçün Tıva Xalq Respublikasının Moskvadakı səlahiyyətli nümayəndəsinə təqdim etdi. Şərqin Zəhmətkeşlərinin Kommunist Universitetinin Tıva tələbələrinin layihə üzərində işindən sonra 1930-cu il iyunun 28-də əlifba qəbul olundu.
Onu da qeyd edək ki, Nikolay Nikolayeviç Poppe də sovet dövrü sevilən alimlərdən olmayıb. Belə ki, almanlar Şimali Qafqaza girəndə könüllü olaraq onlara qoşulub və SSRİ-ni tərk edib. Təbii ki, burada onun almanəsilli olmasını da yada salmaqda fayda var... 40-cı illərə qədər I Ümumittifaq Türkoloji Qurultay iştirakçılarının yarıdan çoxu məhv edilmişdi. Əsasən türk dilləri ilə məşğul olan, “yanalif”in əsasında yeni latın qrafikalı əlifbaların yaradılmasında bilavasitə xidməti olan Poppe artıq məcburi kiril qrafikası əsasındakı əlifbaların yaradıldığını görür, bütün bu proseslərin onun üçün də yaxşı qurtarmayacağını bir alim kimi dərk edirdi. Yeni türk əlifbasının qəbulundan sonra Tıva türkləri öz dillərində bu əlifba ilə çoxlu sayda dərslik, şeir, hekayə, folklor nümunələri, qəzet və dərgilər çap etdirdilər. Lakin artıq ötən əsrin 30-cu illərinin sonlarından bütün İttifaq ərazisində kiril əsaslı əlifbaya keçirilməsi göstərişi verilmişdi. Beləcə, 1944-cü il mayın 1-dən Tıvalar da kiril əlifbasına keçdilər. Buna baxmayaraq, 1945-ci ilə qədər hələ də latın qrafikalı yeni türk əlifbasından müəyyən dairələrdə istifadə olunurdu. Beləcə, xalq yenidən əlifba dəyişikliyinə məruz qalmaqla bərabər türk qardaşlarından da uzaqlaşdırıldı...