Logo

Gəncə Dövlət Universitetində 20 Yanvar faciəsinin 36-cı ildönümü anılıb

19.01.2026 18:33 53 baxış
IMG

Gəncə Dövlət Universitetində (GDU) 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb.

Universitetdən bölgə müxbirinə verilən məlumata görə, anım tədbirindən öncə rektor Yusif Yusibov və professor-müəllim heyəti 20 Yanvar faciəsinə həsr olunmuş rəsm əsərləri və kitablardan ibarət stendə baxış keçiriblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra 20 Yanvar hadisələrinə həsr edilən videoçarx nümayiş olunub.

Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva çıxış edərək, 1990-cı ildə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələrinin xalqımızın iradəsini sındırmaq üçün törətdiyi qanlı terrordan danışıb. Bildirib ki, 36 il bundan əvvəl yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə Bakıya və Azərbaycanın bir neçə rayonuna sovet ordu birləşmələri yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif silahlardan atəşə tutularaq kütləvi şəkildə qətlə yetirilib. Xalqımız böyük faciə ilə üzləşsə də Vətənə, torpağa sədaqətini, qəhrəmanlığını, müstəqillik uğrunda mübarizliyini bütün dünyaya nümayiş etdirib.

Elm və innovasiyalar üzrə prorektor, deputat Pərvin Kərimzadə çıxışında vurğulayıb ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq mərhələsi kimi yazılan 20 Yanvar faciəsi əzmkarlıq, vətənpərvərlik salnaməsidir. O ağır günlərdə Ümummilli Lider Heydər Əliyev bütün çətinliklərə baxmayaraq, 1990-cı il yanvarın 21-də siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etmişdi. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verildi. Pərvin Kərimzadə şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən və onların ailə üzvlərinə göstərilən dövlət qayğısından da söz açıb.

GDU Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova bildirib ki, doğma Vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan Azərbaycan övladları 36 il əvvəl həmin gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Bu tarix Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub.

Daha sonra Ümumi tarix kafedrasının dosenti Hüseyn Bəxtiyarlı “Sovet imperiyasının törətdiyi qanlı faciə”, Azərbaycan dili kafedrasının dosenti Aytən Əhmədova “Qan yaddaşımız 20 Yanvar”, Rus dili kafedrasının dosenti Sevda Əliyeva “Qırmızı Ordunun törətdiyi Qara Yanvar”, Riyazi analiz kafedrasının baş müəllimi Nurəngiz Bəşirova “Qəhrəmanlıq və iftixar tariximiz”, Azərbaycan tarixi kafedrasının müəllimi Fərid Vəliyev “20 Yanvar və milli birlik” adlı məruzələrlə çıxış ediblər.

Xəbər lenti