Logo

ADU-da 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

19.01.2026 18:43 45 baxış
IMG

Yanvarın 19-da Azərbaycan Dillər Universitetində (ADU)  20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş “Milli istiqlal tariximizin zirvəsi” adlı tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı, professor İbrahim Kazımbəyli 20 Yanvar faciəsinin tarixinə nəzər salıb, onun baş verməsinin səbəblərindən danışıb. 

ADU-nun rektoru, akademik Kamal Abdulla bildirib ki, bu ümumxalq hüznünü biz təkcə bu gün yox, hər gün yaşayırıq və şəhidlərimizin xatirəsi ilə yaşayaraq onları daim minnətdarlıqla anırıq. O vurğulayıb ki, şəhidlərin xatirəsini yaşatmaq xalqın ruhunu yüksəkdə saxlayır, cəmiyyətdə mənəvi güc və birlik yaradır. Rektor qeyd edib ki, 20 Yanvar faciəsindən sonra xalq çaşqınlıq içində olarkən Ümummilli lider Heydər Əliyev Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmış və sovet rəhbərliyini bu faciəyə görə açıq şəkildə ittiham etmişdir. Akademik Kamal Abdulla əlavə edib ki, Azərbaycan xalqı sınmamış, diz çökməmiş və öz gələcəyinin öz əlində olduğuna inanmışdır. O, bu gün ölkəmizin qazandığı uğurların da həmin inamın nəticəsi olduğunu bildirib.

Daha sonra 20 Yanvar hadisələrinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Çıxış edən AMEA-nın müxbir üzvü, professor Könül Bünyadzadə “Müstəqil Azərbaycan ideyasının doğulması, inkişafı və reallaşması” mövzusunda məruzə ilə çıxış edərək faciənin dövlətçilik tariximizdəki əhəmiyyətindən bəhs edib.

Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müəllimi Zərifə Əliyeva “20 Yanvar – milli yaddaş və tarixi məsuliyyət” mövzusunda çıxış edərək bu faciənin xalqın kollektiv yaddaşında əbədi iz qoyduğunu vurğulayıb.

Beynəlxalq münasibətlər kafedrasının müəllimi dosent Aysel Bağırova “20 Yanvar faciəsi – ikiqütblü sistemdən yeni beynəlxalq münasibətlər sisteminə keçid kontekstində” mövzusunda məruzə ilə çıxış edib.

Filologiya fakültəsinin tələbəsi Ülkər Əsgərova isə “20 Yanvar – azadlığın qanla qazanılmış səhifəsi” mövzusunda çıxış edərək gənclərin bu tarixi hadisələrdən düzgün nəticə çıxarmasının vacibliyini qeyd edib.

Tədbir iştirakçıları 20 Yanvar şəhidlərinin xatirəsinin daim ehtiramla anılmasının milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildiriblər.

Xəbər lenti