Logo

BDU THE-nin ixtisaslar üzrə reytinq siyahısında yer alıb

21.01.2026 12:46 42 baxış
IMG

Nüfuzlu reytinq təşkilatlarından olan “Times Higher Education” (THE) tərəfindən 2026-cı il üçün dünyanın ən nüfuzlu ali təhsil müəssisələrinin ixtisaslar üzrə reytinq siyahısı açıqlanıb. Reytinq siyahısında Bakı Dövlət Universiteti (BDU) fizika elmləri (fizika, kimya, geologiya, astronomiya, riyaziyyat və digər əlaqəli sahələr) və mühəndislik (kimya mühəndisliyi, geologiya mühəndisliyi, hidrogeologiya mühəndisliyi, geofizika mühəndisliyi və digər mühəndislik istiqamətləri) üzrə 1001–1250-ci mövqedə qərarlaşıb.

Bu barədə BDU-dan bildirilib.

Ümumilikdə BDU-nun qiymətləndirmə nəticələri üzrə əvvəlki illə müqayisədə müsbət dinamika müşahidə olunub. Belə ki, fizika elmləri üzrə ümumi qiymətləndirmə nəticələri 14,5 faiz, mühəndislik sahəsi üzrə isə 13,9 faiz artıb. Bu artım müvafiq istiqamətlərdə universitetdə elmi-tədqiqat fəaliyyətinin intensivləşməsi, akademik potensialın gücləndirilməsi, beynəlxalq elmi nəşrlərdə təmsil olunma səviyyəsinin yüksəlməsi və sənaye ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən sistemli tədbirlərin nəticəsi kimi qiymətləndirilə bilər.

THE tərəfindən tərtib olunan ixtisaslar üzrə reytinq siyahısı ali təhsil müəssisələrinin konkret sahələrdə fəaliyyətini qiymətləndirən nüfuzlu beynəlxalq reytinq siyahısı hesab olunur. Bu reytinq çərçivəsində universitetlər tədris keyfiyyəti, elmi-tədqiqat fəaliyyəti, elmi nəşrlərə edilən sitatlar, sənaye ilə əməkdaşlıqdan əldə olunan gəlirlər və digər əsas göstəricilər əsasında qiymətləndirilir. Bu göstəricilər universitetlərin ayrı-ayrı elmi sahələri üzrə güclü tərəflərini və inkişaf potensialına malik istiqamətlərini müəyyən etməyə imkan verir.

Qeyd edək ki, ilk dəfə olaraq Azərbaycan THE tərəfindən tərtib olunan müvafiq ixtisaslar üzrə reytinq siyahısında 4 ali təhsil müəssisəsi və 4 fərqli ixtisas üzrə təmsil olunur. Bu nəticə ölkənin ali təhsil sisteminin beynəlxalq reytinq müstəvisində tanınmasının və rəqabət qabiliyyətinin artdığını göstərir.

Xəbər lenti