Logo

“İkidilli Təhsil” adlı tədris vəsaiti çapdan çıxıb

15.01.2026 19:53 37 baxış
IMG

Azərbaycan Dillər Universitetinin (ADU) Avropa dilləri kafedrasının pedaqoji elmlər doktoru, professoru Dilarə İsmayılovanın “İkidilli Təhsil” adlı tədris vəsaiti çapdan çıxıb.
Tədris vəsaitinin elmi rəyçiləri Firuzə A. Rzayeva, Təhsil elmləri doktoru, dosent və Səbinə A. Hüseynova, Pedaqogika üzrə fəlsəfə doktoru, dosentdir.
Nəşr ikidilli təhsilin nəzəri və metodoloji əsaslarını əhatə edir. Tədris vəsaitində ikidilli təhsil anlayışı ana və ikinci dildə akademik məzmunun paralel şəkildə tədrisi kimi izah olunur, ikidillilik, çoxdillilik və translanqvizm anlayışlarının mahiyyəti müasir elmi yanaşmalar əsasında təqdim edilir.
“İkidilli Təhsil” tədris vəsaiti altı əsas bölmədən ibarətdir: İkidilli təhsil, Billingualizm, Translanqvizm, Çoxdillilik, Təhsildə orijinallıq və Təhsildə didaktika. Bölmələrdə ikidilli tədrisin məzmunu, metodları və praktik tətbiq imkanları sistemli şəkildə şərh olunur.
Vəsaitdə tələbələr arasında qarşılıqlı əlaqə vasitəsilə xarici dilin tədrisinin inkişaf etdirilməsi, orijinal tədris materiallarından istifadə, eləcə də müəllim və öyrənənlər üçün müxtəlif ikidilli metodların əhəmiyyəti xüsusi olaraq vurğulanır. Eyni zamanda, təhsildə didaktikanın planlaşdırma, icra və qiymətləndirmə mərhələləri əhatəli şəkildə izah edilir.
“İkidilli Təhsil” tədris vəsaiti xarici dil müəllimləri, dil təhsili üzrə kursantlar, bakalavr və magistratura səviyyələrində təhsil alan tələbələr, eləcə də Tətbiqi Dilçilik, Pedaqogika və Linqvodidaktika sahəsində tədqiqat aparan mütəxəssislər üçün nəzərdə tutulub.

Xəbər lenti