Türkiyə-Azərbaycan Universiteti (TAU) gələcəkdə xarici ölkələrdən tələbə qəbul etməyi planlaşdırır.
Bu barədə TAU-dan məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 23 sentyabr tarixli “Türkiyə-Azərbaycan Universitetinin fəaliyyəti ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Sərəncamı TAU-nun yalnız milli deyil, beynəlxalq universitet kimi formalaşdırılmasını nəzərdə tutur. Bu sənəd universitetin fəaliyyətinə hüquqi status verməklə yanaşı, onun xarici tələbə və professorları cəlb etməsinə, beynəlxalq təhsil və tədqiqat məkanına inteqrasiyasına yol açır.
Türkiyə-Azərbaycan Universiteti yalnız Azərbaycan və Türkiyə üçün deyil, region və daha geniş coğrafiya üçün açıq akademik platforma kimi nəzərdə tutulur. Bu, TAU-nun gələcəkdə Orta Asiya, Qafqaz, Yaxın Şərq və Avropa ölkələrindən tələbələri cəlb edə bilməsi, həmçinin beynəlxalq proqramlar və ikili diplom mexanizmləri vasitəsilə əcnəbi tələbə axını yaratması deməkdir.