Logo

Prezident İlham Əliyevin Azərbaycan dili ilə bağlı əsas mesajları və milli təhlükəsizlik konsepsiyası

19.01.2026 15:31 47 baxış
IMG

Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində Azərbaycan dili barədə söylədiklərində əsas xətt kimi bir fikir önə çəkilir: dil milləti birləşdirən və dövlətçiliyin dayaqlarını möhkəmləndirən ən fundamental amildir. Prezidentin vurğuladığı kimi, dil yalnız ünsiyyət vasitəsi deyil, eyni zamanda, dövlət rəmzləri bayraq, gerb və himn ilə bir sırada dayanan, dövlətçilik şüurunu və milli özünüdərki formalaşdıran başlıca atributdur. Bu yanaşma dil məsələsinə sırf mədəni hadisə kimi deyil, milli təhlükəsizlik və dövlətçilik konsepsiyası kimi baxmağı tələb edir.

Bu fikirləri açıqlamasında AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin elmi işçisi Nazim Mənsimov deyib.

“Prezidentin əsas mesajı ondan ibarətdir ki, məhz dil həmin tarixi təzyiqlər içində milləti millət kimi saxlayan, onu parçalanmadan qoruyan aparıcı amil olub. Ən diqqətçəkən məqam isə budur ki, Azərbaycan dili əsrlərboyu qorunub, bu gün danışdığımız dil ulu babalarımızın danışdığı dildən mahiyyət etibarilə uzaqlaşmayıb. Ölkə rəhbəri bunu böyük nailiyyət, xalqın böyüklüyünün göstəricisi kimi qiymətləndirir. Bu mülahizə dilin tarixi davamlılığını təsadüfi proses kimi yox, kollektiv yaddaşın və milli iradənin nəticəsi kimi təqdim edir. Dilin qorunması “öz-özünə baş verən” hadisə deyil, müstəmləkəçilik şəraitində belə ana dilinə sədaqət, onu nəsildən-nəslə ötürmək, gündəlik həyatda yaşatmaq xalqın daxili müqavimət mexanizmi olub. Bu baxımdan çıxışın ideyası aydındır, əcdadların qoruyub əmanət etdiyi dili müasir dövrdə qorumaq daha böyük məsuliyyətdir, çünki bu gün müstəqil dövlətimiz, öz təhsil sistemimiz və informasiya resurslarımız var”, - deyə o əlavə edib.

N.Mənsimov vurğulayıb ki, çıxışın ən prinsipial hissələrindən biri dilə xarici təsirlər məsələsidir. Prezident sovet dövründə leksikona daxil olmuş bəzi sözlərin müstəqillik illərində təmizlənməsini nümunə göstərərək, bu gün də bəzən bilərəkdən, bəzən bilməyərəkdən dilə daxil edilən xarici kəlmələrin təhlükəsinə diqqət çəkir. Dövlət başçısının mövqeyi qətiyyətlidir: “...Xarici kəlmələr dilimizi pozur, zənginləşdirmir və milli kimliyimizi də sarsıdır, damcı-damcı, yavaş-yavaş”. Burada mühüm bir məntiq qurulur, dil pozulduqda milli kimlik zəifləyir, milli kimlik zəiflədikdə dövlətçilik dayaqları zədələnir, nəticədə isə ölkə böyük fəlakət riskləri ilə üzləşə bilər. Bu, dil məsələsinin yalnız estetik və ya dilçilik problemi olmadığını, dövlətin gələcəyi ilə bağlı strateji məsələ olduğunu göstərən ardıcıl səbəb-nəticə zənciridir.

Prezident, eyni zamanda, heç bir dilin əleyhinə olmadığını, çox dil bilməyin faydalı olduğunu açıq deyir. Lakin əsas prinsip belə formalaşdırılır. Xarici dillər lazım olan yerdə işlədilməli, ana dili isə ictimai, mədəni və media məkanında qorunmalıdır. Bu mövqedə dil siyasətinin məqsədi izolyasiya deyil, müasir dünyada internet, sosial şəbəkələr və qlobal təmaslar fonunda qapalı yaşamağın mümkünsüzlüyü qəbul edilir. Amma qloballaşma şəraitində dilin qorunması “mübarizə” kimi təqdim olunur. Yəni şüurlu seçim, daxili intizam və ictimai məsuliyyət tələb edən proses.

“Şərqşünaslıq İnstitutunda Azərbaycan dilinə verilən yüksək qiyməti aparılan tədqiqat işlərindən də görmək olar. Belə ki, institutun əməkdaşlarının “İran İslam İnqilabından sonra Cənubi azərbaycanlıların ana dili uğrunda mübarizəsi”, “Cənubi Azərbaycan şairlərinin farsdilli yaradıcılığına Azərbaycan dilinin təsiri” mövzusunda tədqiqatlarını buna misal göstərmək olar. Tədqiqatçılar öz mövzuları ilə bağlı müxtəlif beynəlxalq konfranslarda məruzələrlə çıxış ediblər. Beləliklə, Prezidentin çıxışı Azərbaycan dilini milli kimliyin əsas sütunu, dövlətçiliyin təhlükəsizlik xətti kimi təqdim edir. Mesaj sadə, amma dərin məzmunludur, dilimizi nə qədər saf və təmiz saxlayırıqsa, milli kimliyimiz də bir o qədər bərqərar və davamlı olar. Bu çağırış hər kəsə ünvanlanır -vətəndaşa, jurnalistə, ziyalıya, dövlət qurumlarına və diasporaya. Çünki dilin taleyi, əslində, millətin və dövlətin taleyidir”,- deyə Nazim Mənsimov bildirib.

Xəbər lenti