Logo

Türkiyə–Azərbaycan Universiteti daha çox yüksək bal toplayan intellektual gəncləri cəlb edir - Vilayət Vəliyev

15.01.2026 16:10 45 baxış
IMG

Son iki tədris ilinin və üç semestrdə aparılan qiymətləndirmələrin nəticələri təsdiq edir ki, Türkiyə-Azərbaycan Universitetində “Çətir universitet” modeli özünü doğruldur. Bu model iki ölkənin aparıcı ali məktəblərinin elmi və akademik potensialını birləşdirən unikal modeldir. Türkiyə tərəfdən Orta Doğu Texniki Universiteti (ODTÜ), İstanbul Texniki Universiteti (İTÜ) və Hacettepe Universiteti, Azərbaycan tərəfdən isə Azərbaycan Texniki Universiteti (AzTU) bu modelin əsas tərəfdaşlarıdır.

Bu barədə Azərbaycan Texniki Universitetinin rektoru, Türkiyə-Azərbaycan Universitetinin rektoru vəzifəsini icra edən Vilayət Vəliyev məlumat verib. O bildirib ki, bu modelin əsas fərqi ondadır ki, hər ixtisas sahəsi üzrə tədris həmin sahədə regional və beynəlxalq səviyyədə tanınmış akademik məktəbin proqramı əsasında aparılır: kompüter mühəndisliyində ODTÜ-nün, sənaye mühəndisliyində İTÜ-nün, qida mühəndisliyində isə Hacettepe Universitetinin proqramları tətbiq olunur. Bu yanaşma tələbələrə bir universitetin deyil, bir neçə aparıcı universitetin akademik mədəniyyətini və elmi ənənəsini eyni vaxtda əldə etmək imkanı verir və onları qlobal əmək bazarına daha hazırlıqlı çıxarır.

“Qəbul planı da bu modelin strateji mahiyyətini əks etdirir: 2024/2025-ci tədris ilində hər ixtisas üzrə 30 yer, 2025/2026-cı ildə isə kompüter mühəndisliyi üzrə 60, digər ixtisaslar üzrə 30 yer olmaqla ümumilikdə 120 tələbə müəyyən edilib. Seçim mexanizmi yüksək rəqabət üzərində qurulub – minimal keçid balları kompüter mühəndisliyi üzrə 550, sənaye mühəndisliyi üzrə 500, qida mühəndisliyi üzrə 450-dir və semestrlər üzrə bütün qiymətləndirmə Türkiyə ali təhsil sisteminin meyarları əsasında aparılır. Bu, TAU-da keyfiyyətin və akademik ciddiliyin prioritet olduğunu göstərir. TAU getdikcə daha çox yüksək bal toplayan intellektual potensialı güclü olan gəncləri cəlb edir”, - deyə V.Vəliyev bildirib.

Xəbər lenti