Logo

“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası: Mədəni siyasətin yeni strateji istiqamətləri

16.01.2026 18:26 40 baxış
IMG

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 yanvar tarixində imzaladığı Sərəncamla təsdiq edilən “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası ölkəmizin mədəni siyasətinin gələcək onilliklər üzrə strateji istiqamətlərini müəyyənləşdirən mühüm sənəddir. Bu Konsepsiya milli-mədəni irsimizin qorunması və yaşadılması ilə yanaşı, mədəniyyət və incəsənət sahəsinin müasir çağırışlara uyğun şəkildə inkişafını təmin etməyə xidmət edir.

Bu fikirləri açıqlamasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Əməkdar incəsənət xadimi professor Ceyran Mahmudova söyləyib.

C.Mahmudova bildirib ki, sənəddə mədəniyyətin cəmiyyətin inkişafında aparıcı rolunun xüsusi vurğulanması, yaradıcı potensialın üzə çıxarılması, innovativ yanaşmaların təşviqi və mədəni təhsilin gücləndirilməsi məsələlərinin ön plana çəkilməsi böyük əhəmiyyət kəsb edir. Bu baxımdan “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası yalnız bu günü deyil, gələcək nəsillərin mədəni düşüncə və estetik zövqünün formalaşmasını da hədəfləyən uzaqgörən bir baxışın ifadəsidir.

Rektor xüsusi qeyd edib ki, Konsepsiyanın hazırlanması prosesində Mədəniyyət Nazirliyi tərəfindən mədəniyyət və incəsənət xadimləri, ali təhsil müəssisələrinin nümayəndələri, yaradıcı şəxslərlə keçirilən çoxsaylı görüşlər, forumlar və geniş müzakirələr sənədin əhatəli, praktik və real ehtiyaclara uyğun məzmunda formalaşmasına mühüm töhfə verib. Bu yanaşma mədəniyyət sahəsində açıq dialoqun, yaradıcı mühitlə dövlət strukturları arasında səmərəli əməkdaşlığın bariz nümunəsidir.

“Bu mühüm strateji sənədin mədəniyyət və incəsənət təhsilinin keyfiyyətinin yüksəldilməsinə, yaradıcı gənclərin yetişdirilməsinə, milli mədəniyyətimizin beynəlxalq miqyasda daha geniş təbliğinə ciddi töhfələr verəcəyinə inanırıq. Əminik ki, “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsi ölkəmizin mədəni həyatında yeni bir inkişaf mərhələsinin başlanğıcı olacaq”, - deyə o vurğulayıb.

Xəbər lenti