AMEA-da “Yazıçı-tədqiqatçı Sadıq Qarayevin əsərlərində Azərbaycançılıq məfkurəsi və Zəfərin vəhdəti” mövzusunda tədbir keçirilib.
Bu barədə AMEA-dan məlumat verilib.
Tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Sadıq Qarayevin yaradıcılığını təhlil edərək, onun azərbaycançılıq ideyasını yeni fikir müstəvisində məharətlə təqdim etdiyini bildirib. O, yazıçının əsərlərinin azərbaycançılıq düşüncəsinin və ideologiyasının carçısı kimi, eləcə də elmi-ədəbi fikrin müasir səviyyəsini əks etdirən dəyərli nümunələr kimi milli-mənəvi dəyərlərin təbliği baxımından əhəmiyyətini qeyd edib.
AMEA prezidenti qeyd edib ki, son 30 ildən artıq dövrdə Azərbaycan ədəbiyyatında müxtəlif ədəbi cərəyanları təmsil edən tanınmış simalar meydana çıxıb, bu dövrdə ədəbiyyat və incəsənətdə akademizm adlı yeni bir cərəyan formalaşmağa başlayıb və ölkəmizdə bu cərəyanı təmsil edən yazıçı və rəssamlar yetişib.
“Yazıçı-tədqiqatçı Sadıq Qarayev Azərbaycan ədəbiyyatında akademizm ədəbi cərəyanını görkəmli nümayəndələrindən biridir”, - deyən AMEA prezidenti qeyd edib ki, bu cərəyanın nümayəndələrindən yalnız bədiilik deyil, həm də aydın ziyalı mövqeyi tələb olunur. Bu zaman bədii düşüncə ilə yanaşı, problemə elmi baxış da ortaya qoyulmalı və bu iki istiqamət arasında balans qorunmalıdır. Onun sözlərinə görə, Sadıq Qarayevin həm elmi-fəlsəfi, həm də bədii üslubda qələmə aldığı əsərlər müasir Azərbaycan ədəbiyyatı və ictimai fikri üçün mühüm önəm daşıyır.
Akademik İsa Həbibbəyli yazıçının əsərlərinin dövlətçilik ideologiyasını hərtərəfli, zəngin və əsaslı şəkildə təqdim edən etibarlı mənbələr olduğunu qeyd edib. Vurğulayıb ki, Sadıq Qarayevin yaradıcılığında azərbaycançılıq ideyası, dövlətçilik düşüncəsi, milli qürur və Zəfər ruhu həm bədii, həm də elmi aspektlərdə dolğun şəkildə öz əksini tapır.
İsa Həbibbəyli yaradıcı üslubu ilə seçilən Sadıq Qarayevin müasir Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutduğunu vurğulayıb, ədibə gələcək fəaliyyətində uğurlar arzulayıb. O, yazıçının əsərlərində milli və bəşəri dəyərlərin özünəməxsus tərzdə əks olunduğunu, azərbaycançılıq ruhu və şüuruna dair mülahizələrin ustalıqla qələmə alındığını söyləyib.
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru professor İlham Məmmədzadə elmi biliklərini bədii yaradıcılığı vasitəsilə ictimaiyyətə çatdıran Sadıq Qarayevin irsini fəlsəfi aspektlərdən dəyərləndirib. Qeyd edib ki, azərbaycançılıq məfkurəsinin bütün faktları onun əsərlərində süjet və xırdalığı ilə elmi və bədii sintez təşkil edir.
Professor İlham Məmmədzadə yazıçının müstəqillik dövrü Azərbaycan ədəbiyyatında elmi idrakla bədii təfəkkürün birliyi əsasında yazılmış əsərləri ilə seçildiyini vurğulayıb. O, Sadıq Qarayevin elmi düşüncələrini, fəlsəfi və ictimai fikirlərini bədii təxəyyüllə təsvir edən müxtəlif janrlı əsərlərini dəyərli nəsr nümunələri kimi yüksək qiymətləndirib, ədibə yeni yaradıcılıq uğurları arzulayıb.
Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxış edərək Sadıq Qarayevin əsərlərində azərbaycançılıq, dövlətçilik və Zəfər ruhunun təqdim olunduğunu söyləyib, onun vətənpərvər ziyalı kimi öz mövqeyini açıq şəkildə və cəsarətlə ortaya qoyduğunu bildirib.
Daha sonra Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək Sadıq Qarayevin ədəbi yaradıcılıqla yanaşı, ölkənin ictimai-siyasi həyatında da hər zaman fəal iştirak etdiyini bildirib. O, azərbaycançılıq ideallarının dövlətçiliyimizin möhkəmlənməsində, qələbələrimizdə rolundan bəhs edərək, zəfərlərimizin gələcək nəsillərə və dünya xalqlarına çatdırılmasında bədii ədəbiyyatın rolunu xüsusi qeyd edib.
Bəxtiyar Nəbiyev qeyd edib ki, azərbaycançılıq ideologiyası müasir Azərbaycanın ideoloji sütunudur. Ulu Öndər Heydər Əliyevin banisi olduğu bu ideologiya Prezident İlham Əliyevin müdrik və uzaqgörən fəaliyyətində dövlətə hörmət, Vətənə məhəbbət prinsipinə söykənir.
Tədbirdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru Eynulla Mədətli, həmin institutun şöbə müdiri fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, aparıcı elmi işçi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Radif Mustafayev və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi filologiya elmləri doktoru Yaşar Qasımbəyli və başqaları çıxış edərək Sadıq Qarayevin yaradıcılığını yüksək qiymətləndirib, onun müxtəlif janrlarda yazılmış əsərlərinin elmi əhəmiyyətindən bəhs ediblər. Çıxışlarda vətənpərvər yazıçı, alim və ictimai xadim olan Sadıq Qarayevin əsərlərində azərbaycançılıq məfkurəsi və ideyasının əsas tutulduğu vurğulanıb.