Yanvarın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
İnstitutdan bildirilib ki, tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Anım tədbirindən əvvəl ADPU rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin universitet ərazisindəki abidəsini və “Zəfər guşəsi”ni ziyarət edib.
ADPU-nun rektoru professor Cəfər Cəfərov bildirib ki, 1990-cı il yanvarın 20-də sovet hakimiyyətinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi-siyasi zorakılıq aktı beynəlxalq hüququn və insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması olmaqla yanaşı, imperiya idarəetmə sisteminin iflasının bariz nümunəsi idi. Qeyd olunub ki, 20 Yanvar faciəsi Azərbaycan cəmiyyətində milli həmrəyliyin və müstəqil dövlətçilik ideyasının möhkəmlənməsində mühüm rol oynayıb. O, Ümummilli Lider Heydər Əliyevin 20 Yanvar hadisələrinə verdiyi prinsipial siyasi qiymətin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq, bu hadisələrin dövlət səviyyəsində hüquqi-siyasi qiymətləndirilməsinin məhz onun siyasi iradəsi nəticəsində mümkün olduğunu diqqətə çatdırıb.
Tədbirdə 20 Yanvar hadisələrindən bəhs edən videoçarx nümayiş olunub.
Sonra Azərbaycan tarixi kafedrasının baş müəllimi Cəfər Xanəliyev “20 Yanvar hadisələrinə tarixi baxış”, Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının müdiri dosent Dəyanət Musayev “Qanlı 20 Yanvar hadisələrinə siyasi qiymətin verilməsi” mövzusunda məruzələrlə çıxış ediblər. Məruzələrdə 20 Yanvar faciəsinin tarixi-siyasi mahiyyəti, başvermə səbəbləri və nəticələri elmi aspektdən təhlil olunub. Məruzələrdə faciənin Azərbaycan xalqının milli birliyinin möhkəmlənməsinə, müstəqillik ideyasının formalaşmasına və sonrakı dövrdə dövlət müstəqilliyinin bərpasına təsiri geniş şəkildə şərh olunub.
Anım tədbiri mövzu ətrafında aparılan müzakirələrlə yekunlaşıb.