Logo

Edmondo Çirielli: İtaliya-Azərbaycan Universitetinin açılması ikitərəfli əlaqələrin möhkəmliyini nümayiş etdirir

13.01.2026 18:39 37 baxış
IMG

Bakıda İtaliya-Azərbaycan Universitetinin açılması ikitərəfli münasibətlərin möhkəmliyini və onların yüksələn xətt üzrə inkişaf etdiyini göstərir.

Bu barədə İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli Bakıda İtaliya-Azərbaycan Hökumətlərarası Komissiyasının 6-cı iclasında çıxışı zamanı bildirib.

"6 illik fasilədən sonra yenidən komissiyanın iclasını keçirmək sevindiricidir. Hökumətlərarası Komissiyanın iclası sonuncu dəfə 2020-ci ilin fevralında Romada keçirilib. Bununla yanaşı, yeni hökumətin gəlişi ilə (22 oktyabr 2022-ci ildən Ciorcia Meloninin sədrliyi ilə fəaliyyət göstərən 68-ci İtaliya hökuməti - red.) son üç ildə ikitərəfli əməkdaşlığımızın əhəmiyyətli dərəcədə fəallaşdığını vurğulamaq vacibdir. Bunu ali və yüksək səviyyəli səfərlərin zəngin qrafiki də sübut edir. Bunlardan sonuncusu İtaliya Prezidenti Sercio Mattarellanın ötən ilin sentyabrında həyata keçirdiyi səfər olub və bu səfər zamanı onu müşayiət etmək şərəfinə nail oldum.

Bu səfər təkcə rəmzi xarakter daşımayıb, həm də konkret praktik məzmunla zəngin olub. Xüsusilə, İtaliya-Azərbaycan Universitetinin kampusunun açılması ilə əlamətdar olub ki, bu da ölkələrimiz arasında möhkəm əlaqələrin əyani sübutudur. Təhsil sahəsində əməkdaşlıq və gənclərin cəlb olunması vasitəsilə biz xalqlarımızı daha da yaxınlaşdırırıq", - o qeyd edib.

Yüksək səviyyəli təmaslara toxunan Çirielli Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliyanın Nazirlər Şurasının sədri Ciorcia Meloninin Danimarkadakı görüşünü xatırladıb.

"Noyabrın sonunda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Romaya səfəri zamanı italiyalı həmkarı ilə tərəfdaşlığımızın inkişafının növbəti mərhələlərini müzakirə edib. Bu kontekstdə biz həmçinin müttəfiqliyimizin məntiqi davamı və praktiki cəhətdən genişləndirilməsi aləti olaraq mühüm biznes forumun keçirilməsini gözləyirik. Forumun tezliklə Bakıda keçiriləcəyi gözlənilir və bu, ölkələrimiz arasında ticarət əlaqələrinin möhkəmləndirilməsi, iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi yolunda konkret addım olacaq", - nazir müavini əlavə edib.

Xəbər lenti