Logo

Yeraltı su ehtiyatları və perspektivləri: Geologiya və Geofizika İnstitutunda elmi lektoriya

05.11.2025 18:00 36 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda (GGİ) gənc tədqiqatçılar üçün növbəti elmi lektoriya təşkil edilib.

GGİ-dən bildirilib ki, tədbirdə coğrafiya elmləri doktoru, professor Fərda İmanov “Yeraltı suların tədqiqinin müasir vəziyyəti və perspektivləri” mövzusunda təqdimatla çıxış edib. Alim yeraltı suların öyrənilmə tarixindən danışaraq bildirib ki, elmi hidrogeologiyanın əsasları XVII əsrdə fransalı alim Perro tərəfindən qoyulub, “hidrogeologiya” termini isə XIX əsrdə Lamar tərəfindən elmi ədəbiyyata daxil edilib. Bununla yanaşı, yeraltı suların basqılı olması barədə ilk elmi fikir 1001-ci ildə Əl-Biruni tərəfindən irəli sürülüb.

Fərda İmanov yeraltı suların formalaşmasına təsir göstərən təbii amillər, hidrodinamik zonalar, dünya üzrə yeraltı su ehtiyatları və onların istifadəsi barədə geniş məlumat verib. O, həmçinin Azərbaycanda yeraltı su ehtiyatlarının tədqiqi və qiymətləndirilməsi prosesindən danışıb, eləcə də içməli və az minerallaşmış yeraltı suların ehtiyatlarının modul xəritəsini nümayiş etdirib.

Lektoriyada yeraltı suların istismar ehtiyatlarının hesablanması metodları, yerüstü və yeraltı axınların qarşılıqlı əlaqəsi kimi mövzular xüsusi maraq doğurub. Alim transsərhəd yeraltı su obyektləri və bu sahədə tətbiq olunan yeni texnologiyalar barədə də danışaraq iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

İnstitutun direktoru akademik Akif Əlizadə professor Fərda İmanova minnətdarlığını bildirib və təqdimatın institutun gənc alimləri üçün faydalı olduğunu qeyd edib.

Xəbər lenti