Logo

“Maarifçi”lərin şəbəkəsi yaranır

04.11.2025 14:57 52 baxış
IMG

III “Maarifçi” tələbə-məzun təcrübə proqramı yekunlaşıb. 42 gənc 4 aylıq təcrübəsini uğurla başa vurub və hər biri nazir Emin Əmrullayevin imzası ilə Elm və Təhsil Nazirliyinin sertifikatlarına layiq görülüb. Sertifikatları onlara elə nazir özü təşkil olunan görüşdə təqdim edib.

252 saatlıq mərhələdən 42 nəfər uğurla çıxdı

Görüşdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli III “Maarifçi” tələbə-məzun təcrübə proqramının keçdiyi yola qısa nəzər salıb. O, məlumat verib ki, proqrama 3542 nəfər müraciət edib. Onlardan 2037 nəfər imtahan mərhələsinə qatılıb. İmtahanlardan uğurla keçən 318 nəfər müsahibə mərhələsinə dəvət edilib. 252 saat çəkən müsahibə mərhələsinin nəticələrinə görə 49 nəfər seçilsə də, 4 aylıq təcrübə dövründə 42 nəfər uğurla iştirak edərək sertifikata layiq görülüb: “Sevindirici haldır ki, bu dəfə biz həm “Maarifçi”lərin sayını, həm də proqramın coğrafiyasını genişləndirdik. Bu il ölkəmizin müxtəlif regionları, o cümlədən Naxçıvan Muxtar Respublikası əhatə olunub”.

M.Kərimli əlavə edib ki, I və II “Maarifçi” proqramına 59 nəfər qatılmışdı. III “Maarifçi” proqramı ilə ölkə “Maarifçi”lərinin sayı 101 nəfərə çatıb: “Artıq bizim 101 nəfərdən ibarət “Maarifçi” şəbəkəmiz var”.
24 nəfərin Elm və Təhsil Nazirliyində işə qəbul edildiyini vurğulayan Aparat rəhbəri bəzi “Maarifçi”lərin artıq dövlət qulluqçusu olduğuna diqqət çəkib.

Mətin Kərimlinin rəqəmlərlə ifadə etdiyi “Maarifçi” yoluna bir neçə dəqiqəlik videoçarxla da nəzər salınıb. Gənclərin karyera üçün atdıqları ilk həyəcanlı addımlar təqdim edilib. Təqdimat istər proqram iştirakçılarının, istərsə də, nazirlik rəhbərliyinin birgə fəaliyyətinin ən maraqlı məqamlarını əks etdirib.

Hələ də dövlət qulluqçusu olmaq istəyirsən?

Nazir Emin Əmrullayev gənclərin düşüncələrində 4 aylıq təcrübənin hansısa dəyişikliklər yaradıb-yaratmaması ilə maraqlanıb. Onlarla söhbəti proqramın nə qədər faydalı olması üzərində qurub. “Proqram onlar üçün nə dərəcədə faydalı oldu? Proqramın sonunda gələcəyi ilə bağlı qərarını dəyişənlər varmı? Karyeralarına dövlət qulluqçusu olaraq davam etmək istədiyinə hələ də əmindirlərmi? Gənclərin təhsil sektorunda dərhal dəyişmək istədikləri 3 şey nədir?” - kimi suallar ətrafında qurulan müzakirələrdə maraqlı məlumatlar, təbəssüm yaradan faktlar ortaya çıxıb. Gənclər təcrübə dövründə maraqlarına səbəb olan hadisələrdən danışıb, suallarına cavab tapıblar.

Görüşü yekunlaşdıran nazir Emin Əmrullayev gənclərə uğurlar arzulayıb: “Həyatda uğurlu olmaq asan deyil. Əslində, çətin olan uğuru qazanmaq yox, onun davamlılığıdır”.

Nazir gənclərə tövsiyə edib: “İllər keçdikcə insanın baxış bucağı dəyişir. Əslində, dəyişməlidir, bundan qorxmaq lazım deyil. Çünki reallıqlar da dəyişir”.

Görüşdən sonra gənc “Maarifçi”lər 4 aylıq təcrübə ilə bağlı fikirlərini, görüşlə bağlı təəssüratlarını “Azərbaycan müəllimi” ilə bölüşüb.

“Proqram gələcək hədəflərim üçün sükan rolunu oynadı”

Aytən Ağasıyeva proqrama Naxçıvan Muxtar Respublikasından qatılıb, Naxçıvan Elm və Təhsil Nazirliyində təcrübə keçib: “İnsan resursları və sənədlərlə iş şöbəsində təcrübə keçdim. Yeni dostluqlar, maraqlı əlaqələr qurdum. Proqram gələcək hədəflərim üçün sükan rolunu oynadı”.

Aytən Naxçıvan Dövlət Universitetinin məzunudur. O, burada “Fizika müəllimliyi” ixtisası üzrə təhsil alıb. “Təhsildə qiymətləndirmə və monitorinq” ixtisası üzrə magistr dərəcəsi alıb. Fəal tələbəlik həyatı yaşayıb, konfranslara qatılıb, tez-tez elmi mühitdə təmsil olunub. Nazirlə görüşü arzularından birinin reallaşması kimi qiymətləndirir: “Nazirlə eyni mühitdə olmaq, canlı əlaqə qurmaq hər tələbənin, hər məzunun arzuladığı bir haldır”.

“Universitetdə aldığım nəzəri bilikləri “Maarifçi” təcrübə proqramı çərçivəsində tətbiq etmək imkanım yarandı”

Türkan Əsədova isə Abşeron-Xızı Regional Təhsil İdarəsində keçdiyi 4 aylıq təcrübə dövründə maraqlı faktlarla qarşılaşıb: “Tədrisin keyfiyyəti sektorunda təcrübə keçdim. Bu vaxta qədər bir sıra başqa təcrübə proqramlarına da qatılmışam. Amma ən maraqlı, faydalı olan “Maarifçi” oldu. Azərbaycan Dövlət Pedaqoji Universitetində “Təlim və tədrisin təşkili metodikası” ixtisası üzrə SABAH qruplarında bakalavr təhsili almışdım. Universitetdə aldığım nəzəri bilikləri 4 ay ərzində “Maarifçi” təcrübə proqramı çərçivəsində tətbiq etmək imkanım yarandı”.

Gənc “Maarifçi” iştirakçısı olduğu təcrübə proqramlarını da müqayisə edib: “Maarifçi”ni digərlərindən fərqləndirən əsas xüsusiyyət ondan ibarətdir ki, biz burada özümüzü tamhüquqlu əməkdaş kimi hiss etdik. Bizim üçün elə mühit yaradıldı, elə münasibət göstərildi ki, təcrübəçi olduğumuzu hiss etmədik”.
Nazirin iştirakı ilə keçirilən tədbirlər və görüşlər Türkan Əsədova üçün yaddaqalan olub.

“Vətəndaş müraciətləri ilə işlədim və bu, mənə karyera istiqamətində böyük inkişaf qazandırdı”

Günel Mahmudova Qarabağ Regional Təhsil İdarəsində Vətəndaş müraciətləri ilə iş sektorunda təcrübə keçib və 4 aylıq bu dövrü uğurla başa vurub: “Bu təcrübə proqramına qatılmaq və 42 nəfərdən biri olaraq sertifikat almaq mənim üçün qürurverici oldu. Məncə, gələcəkdə dövlət qulluqçusu olmaq istiqamətində bu 4 aylıq təcrübə potensial imkanlar yaratdı. Üstəlik, vətəndaş müraciətləri ilə işlədim və bu, mənə  karyera istiqamətində böyük inkişaf qazandırdı”.

İşlədiyi bölgənin Qarabağ olması isə iş prosesini onun üçün xüsusilə maraqlı edib: “İşğaldan azad olunan ərazilərdə yaşayan insanlarla işləmək gələcəkdə uğur imkanlarını artırır. Hər vətəndaş müraciəti insanı bir az da çox inkişaf etdirir. Çünki vətəndaşların müraciətlərindən asılı olaraq bütün şöbə və sektorlarla işləyib daha böyük təcrübə qazandım”.

Günel Bakı Dövlət Universitetində “Jurnalistika” üzrə bakalavr, “Beynəlxalq jurnalistika və informasiya siyasəti” ixtisası üzrə magistr təhsili alıb. Gələcək planları təhsil sahəsi ilə birbaşa bağlıdır: “Həyatımın sonrakı mərhələsində Elm və Təhsil Nazirliyi və onun struktur bölmələrində işləmək istəyərəm”.

“Çağrı Mərkəzində iş mənim üçün xüsusilə faydalı oldu”

Şəbnəm Quliyeva isə Mərkəzi Aran Regional Təhsil İdarəsinin İnzibati sektorunda 4 aylıq təcrübəsindən məmnun görünür: “Təcrübə dövründə təhsil ilə bağlı bir çox məsələlər gündəmimizdə oldu. Vətəndaşlarla işləməyi çox sevirəm və bu 4 ayda da vətəndaşlarla fəal şəkildə işlədim. Çağrı Mərkəzində iş mənim üçün, xüsusilə faydalı oldu”.

Şəbnəm də hesab edir ki, yaradılan münbit iş mühiti bu proqramın ən cəlbedici tərəfi olub: “Bizimlə qurumun öz əməkdaşı kimi davranmaları bizi ruhlandırırdı, işə daha çox can yandırırdıq”.

“Maarifçi”də olmaq təcrübəmi zənginləşdirib, bacarıqlarımı inkişaf etdirib”

İlqarə Mirzəyeva Bakı Dövlət Universitetinin SABAH qruplarında “Fizika müəllimliyi” ixtisası üzrə təhsil alıb. 4 aylıq təcrübə dövrünü Quba-Xaçmaz Regional Təhsil İdarəsində Tədrisin keyfiyyəti sektorunda başa vurub: “Proqramda iştirakımı həyatımda qazandığım uğurlardan biri hesab edirəm. Real təcrübə yaşadıq, yeni insanlarla tanış olduq, təhsil sahəsinin içində prosesləri izləmək imkanımız oldu. Bu imkan xüsusilə dəyərlidir, çünki kənardan görə bilmədiyimiz bir çox məqamlara prosesin içərisində cavab tapdıq”.

İlqarə deyir ki, belə bir imkan olsa, yenə məmnuniyyətlə qatılar. O, fəal tələbəlik həyatından sonra maraqlı təcrübə qazandığını bildirir: “Tələbəlikdən bəri çox fəal olmuşam. SABAH qrupları nəzdində fəaliyyət göstərən Sabah Yaradıcılıq təşkilatının yaradıcısı olmuşam. BDU-nun nəzdində “Gənc Rəssamlar” dərnəyində əvvəlcə müəllimlik, sonra rəhbərlik etdim. Bir çox layihələrdə, könüllülük proqramlarında iştirak etmişəm. Bunlardan sonra “Maarifçi”də olmaq təcrübəmi zənginləşdirib, bacarıqlarımı əhəmiyyətli dərəcədə inkişaf etdirib”.

BDU məzunu sözlərinə əlavə edərək deyir: “Uşaqlıqdan özümü televiziya kanalında öyrədici, maarifləndirici bir proqramın aparıcısı kimi təsəvvür etmişəm. Bu sahə mənə yaxındır. Universal olmağa çalışan, özünü hər sahədə görən biriyəm. Qiraət yarışlarında iştirak etmişəm. İncəsənət də, təhsil də mənə eyni dərəcədə yaxındır. Hesab edirəm ki, bütün sahələr arasında əlaqə var. İxtisaslar, fənlər arasında əlaqə qurarkən ayrı-ayrı sahələr arasında əlaqə yaratmağı da öyrənmişik. Mən sevdiyim, marağımı cəlb edən işlərin arasında oxşarlıq tapıb onların uyğunluğunu yaratmağı sevirəm. “Maarifçi” proqramında məktəblilərlə, müəllimlərlə işlədik və məktəblilərin əlavə bacarıqlarının inkişafının əhəmiyyəti hər birimizə məlumdur”.

İlqarə nə təcrübə keçdiyi təhsil  sektorunda, nə də nazirlə görüşdə özünü yad mühitdəymiş kimi hiss etməyib: “Çox doğma bir ortam idi. Olduqca xoşbəxtəm ki, bu 4 ayı “Maarifçi” proqramında oldum. Çox şadam ki, nazirlə görüşdə mən də iştirak etdim”.

Xəbər lenti