Oktyabrın 31-də “ASAN xidmət”in “Bilim Bakı” mərkəzində “Deneyap” texnologiya proqramının I Məzun Günü keçirilib.
Tehsil.biz xəbər verir ki ,açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün və elm və təhsil nazirinin müavini Kənan Kərimzadə təbrik nitqi ilə çıxış ediblər.
Ülvi Mehdiyev çıxışında qeyd edib ki, müasir texnologiyalar və innovasiyalar həyatın bütün sahələrinin ayrılmaz hissəsinə çevrilib. İstər iqtisadiyyatda, istər sosial və şəxsi həyatda, istərsə də dövlət idarəetməsində müasir texnologiyaların tətbiqi artıq zərurətə çevrilib. Süni intellekt hər şeydən öncə bir vasitədir. Əsas məqsəd isə bu texnologiyalardan istifadə etməklə vətəndaşların rifahına, inkişafına və qarşıya qoyulan hədəflərə nail olmaqdır.
Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün vurğulayıb ki, türk dünyası bu gün yeni bir intibah dövrünə qədəm qoyur. Onun sözlərinə görə, gənclərdə texnologiyaya, yeniliyə və yaradıcı düşüncəyə maraq oyadan “Bilim Bakı” mərkəzinin “Deneyap” laboratoriyaları da bu istiqamətdə mühüm rol oynayır.
Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə çıxışında bildirib ki, son 20 ildə dövlət proqramları çərçivəsində 3600-ə yaxın təhsil müəssisəsi ya yenidən tikilib, ya da əsaslı şəkildə bərpa olunub. Məktəblər rəqəmsal tədris resursları, kompüterlər və sürətli internetlə təmin edilir. Bu gün 1,5 milyon şagirddən 500 mini "Scratch" və "Python" kimi proqramlaşdırma dillərini öyrənir.
Kənan Kərimzadə əlavə edib ki, bu cür layihələr gənclərin gələcək əmək bazarına daha hazırlıqlı daxil olmasına imkan yaradır.
Tədbir çərçivəsində “Bilim Azərbaycan” layihəsinin rəhbəri Ahmet Köse “Deneyap” texnologiya proqramına dair hesabatla çıxış edib və layihənin fəaliyyətinə dair videoçarx nümayiş olunub.
Tədbirin sonunda proqramı uğurla başa vuran şagirdlərə məzun diplomları təqdim olunub.