Logo

NDU ilə UNEC kitabxanaları arasında onlayn əməkdaşlıq görüşü keçirilib

29.10.2025 09:08 34 baxış
IMG

Oktyabrın 28-də Naxçıvan Dövlət Universitetinin (NDU) Elmi Kitabxanası ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana-İnformasiya Mərkəzi arasında onlayn formatda görüş olub.

NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, universitetin Elmi Kitabxanasının direktoru Xumar Məmmədova kitabxana fondunda hazırda 180 mindən çox resurs olduğunu deyib. Qeyd edib ki, onun 100 mindən çoxunu dərslik, dərs vəsaiti və monoqrafiya təşkil edir. Kitabxana 3 açıq və 2 qapalı fondla gün ərzində saat 9:00-dan 22:00-dək fəaliyyət göstərir və istifadəçilər üçün geniş əlçatanlıq yaradır.

Xumar Məmmədova vurğulayıb ki, universitet Taylor & Francis, Clarivate, ProQuest və EBSCO Information Services kimi beynəlxalq elmi bazalara çıxış imkanına malikdir və bununla 20 milyona yaxın elektron resursa qoşulmaq mümkündür.

UNEC Kitabxana-İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva çıxış edərək, mərkəzin tərkibində fəaliyyət göstərən kitabxanalar, onların idarəetmə strukturu və oxucu xidmətləri barədə məlumat verib. library.unec.edu.az portalı vasitəsilə onlayn xidmətlərin, e-kitabxana sisteminin və beynəlxalq elmi bazalara çıxış imkanlarının təkmilləşdirildiyini bildirib.

Sonra NDU Elmi Kitabxanasının elektronlaşma üzrə mütəxəssisi Şəhriyar Quliyev beynəlxalq elmi bazalarla bağlı təqdimat edib.

Görüş qarşılıqlı fikir mübadiləsi ilə davam edib. Əməkdaşlıq çərçivəsində perspektivdə görüləcək işlər, birgə layihələrin reallaşdırılması, elmi məlumat mübadiləsinin gücləndirilməsi və rəqəmsal əməkdaşlıq imkanları müzakirə olunub.

Qeyd edək ki, NDU ilə ADA Universiteti, Bakı Dövlət Universiteti, AMEA Mərkəzi Elmi Kitabxanası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Ali Neft Məktəbi arasında səmərəli əməkdaşlıqlar qurulub. Bu çərçivədə kitab və resurs mübadiləsi həyata keçirilərək elmi mübadilələr genişləndirilir. Eləcə də, digər ölkələrin xarici kitabxanaları ilə də əlaqələrin qurulması qarşıya qoyulan məqsədlər sırasında yer alır.

Xəbər lenti