Logo

Milli və ənənəvi dəyərlərimizi qorumaq istəyiriksə, bunu təhsil sistemimizdə əks etdirməliyik - Deputat

24.10.2025 18:42 32 baxış
IMG

Müasir dünyada dini təhsilin rolu təkcə mənəvi dəyərlərin qorunması ilə məhdudlaşmır o, həm də cəmiyyətin harmoniyasını, mədəni müxtəlifliyə hörməti və sosial sabitliyi təmin edən əsas amillərdən biridir. Qloballaşma, informasiya bolluğu və texnoloji dəyişikliklər fonunda dini təhsilin müasir tələblərə uyğunlaşdırılması, elmi və pedaqoji yanaşmalarla zənginləşdirilməsi xüsusi aktuallıq kəsb edir.

Bu istiqamətdə Azərbaycanın atdığı addımlar beynəlxalq səviyyədə də diqqət çəkir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakıda keçirilən “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” beynəlxalq simpoziumda çıxışı zamanı vurğulayıb ki, ölkəmizin dini təhsil modeli tolerantlıq və multikulturalizm prinsiplərinə əsaslanır. Onun sözlərinə görə, klassik islam ənənələri ilə müasir pedaqoji metodların sintezinə söykənən bu sistemin daha da təkmilləşdirilməsi qarşıda duran əsas strateji hədəflərdəndir.

Ramin Məmmədov qeyd edib ki, elmi-texnoloji tərəqqi və qloballaşma prosesləri yeni imkanlar yaratmaqla yanaşı, xalqların mənəvi dəyərlərinə də təsir göstərir. Buna görə də dini təhsilin müasir yanaşmalarla inkişaf etdirilməsi həm milli kimliyin qorunması, həm də gənc nəslin sağlam dünyagörüşlə formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov öz fikirlərini bölüşüb:

"Birinci olaraq qeyd etmək lazımdır ki, bu gün dünyada baş verən hadisələr bir çox müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da öz təsirini göstərir. Belə ki, ənənəvi islam dəyərlərinin qorunması və bu dəyərlərə əsaslanan ənənəvi dini praktikalər, müsəlman ölkələrinin qarşısında duran mühüm məsələlərdən biridir. Təəssüf ki, radikal meyillər və digər qeyri-ənənəvi dini cərəyanlar ənənəvi islama ciddi təhdid yaradır. Bu proseslər ölkəmizdə də açıq-aydın görünməkdə və ölkədəki dini və mənəvi mühitə təsir göstərməkdədir. Ənənəvi dəyərlərin qorunmasının yolu isə güclü və keyfiyyətli dini təhsildən keçir. Əgər biz milli və ənənəvi dəyərlərimizi qorumaq istəyiriksə, bunu təhsil sistemimizdə əks etdirməliyik. 2018-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan strukturun əsas məqsədlərindən biri Azərbaycan üçün ənənəvi islam modelinin qorunması və milli mənəvi dəyərlərin təbliğini gücləndirməkdir". 

Deputat, həmçinin bu mənada, təhsil sistemimizin təkmilləşdirilməsi müasir metodların və texnologiyaların tətbiqini, təhsilin rəqəmsallaşdırılmasını və elektronlaşdırılmasını da əhatə etməli olduğunu qeyd edib: "Eyni zamanda, ənənəvi dəyərlərin və Azərbaycanın tarixlə formalaşmış mənəvi dəyərlər sisteminin qorunması və tədrisdə tətbiqi də vacibdir. Bu, cəmiyyətimizdə ənənəvi dini dəyərlərin davamlı olaraq aşılanması baxımından xüsusi önəm daşıyır. Beləliklə, söhbət yalnız dini təqimlərdən deyil, həm də milli və dini dəyərlərin qorunması, təbliği və cəmiyyətə çatdırılmasından gedir. Ən vacib məsələ isə gənclərin bu ruhda və düşüncədə formalaşdırılması, onların təhsil prosesində bu prinsiplərlə yetişməsidir". 

Xəbər lenti