Bakı Mühəndislik Universiteti və Koreya (Cənubi) Respublikasının İNHA Universitetinin birgə həyata keçirdiyi ikili diplom proqramı (BMU-İNHA İDP) çərçivəsində aparılan monitorinq başa çatıb.
BMU-dan bildirilib ki, rektor Yaqub Piriyev monitorinqi aparan İNHA Universitetinin professor-müəllim heyəti ilə görüşərək prosesin nəticələrini müzakirə edib. Görüşdə İNHA Qlobal Strategiya və Təşəbbüslər Ofisinin icraçı direktoru professor Jeon Tae Joon monitorinqin ilkin nəticələri barədə məlumat təqdim edib. Bildirib ki, BMU-İNHA İDP-nin müəllim və tələbələri ilə aparılan müsahibələr, eləcə də dərs prosesinin müşahidəsi müsbət təəssürat yaradıb. Tələbələrin çalışqanlığı, öyrənməyə marağı və fənlərə aktiv yanaşması proqramın uğurlu inkişafına zəmin kimi qiymətləndirilib. Jeon Tae Joon əlavə edib ki, təcrübə proqramlarının daha geniş şəkildə təşkili ilə bağlı tələbə təklifləri nəzərə alınacaq və monitorinqin yekun hesabatı universitet rəhbərliyinə təqdim olunacaq.
Nümayəndə heyətinin digər üzvləri də öz təəssüratlarını bölüşərək tələbələrin bilik səviyyəsini, dərslərdə fəallığını, öz ixtisaslarına aid maraqlı suallar verməsini yüksək qiymətləndiriblər. Onlar, həmçinin BMU-nun kampusunda yaradılmış müasir tədris şəraiti, laboratoriyaların texniki imkanları, xüsusilə Texnoparkın ötən illərlə müqayisədə daha da inkişaf etməsini, sənaye müəssisələri ilə əməkdaşlığını təqdir ediblər. Bildirilib ki, bu ekosistem tələbələrin praktiki bacarıqlarının inkişafına, elmi biliklərinin real istehsalatda tətbiqinə və innovativ layihələrinin reallaşmasına mühüm töhfə verir.
Rektor Yaqub Piriyev əməkdaşlığın indiyədək verdiyi nəticələrdən məmnunluğunu ifadə edib. Həmçinin proqramın keyfiyyətinin davamlı təkmilləşdirilməsi, tədrisin beynəlxalq standartlara uyğunlaşdırılması və tələbələrə daha geniş praktik imkanların yaradılması istiqamətində işlərin ardıcıl şəkildə davam etdiriləcəyini vurğulayıb. İDP-nin icrasında əsas hədəfin müasir çağırışlara cavab verən yüksəkixtisaslı mühəndislər yetişdirmək olduğunu bildirən rektor əməkdaşlığın yalnız tədris sahəsində deyil, eyni zamanda, elmi-tədqiqatlar və akademik mübadilə istiqamətlərində daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Görüşün sonunda İNHA nümayəndə heyətinin üzvlərinə xatirə hədiyyələri təqdim olunub.