Logo

“AZLİNG 2025-Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” - beynəlxalq elmi konfrans

21.10.2025 15:05 37 baxış
IMG

Noyabrın 15-də Neftçala rayon Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “AZLİNG 2025-Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” mövzusunda ənənəvi beynəlxalq elmi konfrans keçiriləcək. 2021-ci ildən bəri Neftçaladan olan dilçi alimlərin təşəbbüsü ilə təşkil edilən konfrans “Regional İnkişaf” İctimai Birliyi və Neftçala rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Tehsil.biz xəbər verir ki, beynəlxalq elmi konfransın mövzuları Azərbaycan dili və müasir dilçilik elminin aktual məsələlərini əhatə edir. Bu sıraya “Xalqın milli özünüdərk prosesində Azərbaycan dilinin rolu”, “Qloballaşma şəraitində Azərbaycan dilinin tədrisi məsələləri”, “Türkdilli dövlətlərdə dil siyasətinin müqayisəli təhlili”, “Müasir türkologiyanın aktual problemləri”, “Rəqəmsal erada sosiolinqvistik problemlər”, “Linqvistik datanın müasir emal metodları” mövzuları daxildir. Bununla yanaşı, “Süni intellekt erasında Azərbaycan dilinin tərcümə məsələləri”, “Azərbaycan dilçiliyində süni intellekt problem”, “Dialekt və şivələr milli- mədəni irs nümunəsi kimi”, “Azərbaycan dilinin tipoloji dilçilik istiqamətində tədqiqi məsələləri”, “Müasir Azərbaycan ədəbi dili məsələləri”, “Azərbaycan dilinin praktik tətbiqi sahələri”, “Müasir dilçilikdə qədim yazıların tədqiqi məsələləri” mövzuları da konfransda müzakirə ediləcək.

Beynəlxalq elmi konfransda iştirak etmək istəyənlər abstraktlarını oktyabrın 31-dək təşkilat komitəsinin [email protected]  ünvanına göndərə bilərlər. Konfransın işçi dilləri Azərbaycan, türk, ingilis və rus dilləridir. Abstraktlar 250-300 söz həcmində, “Times New Roman” şrifti ilə 12 ölçüdə tərtib edilməlidir. Konfransda məruzə edən iştirakçıların məqalələri linqvistik toplu şəklində çap olunması nəzərdə tutulub.

Konfrans çərçivəsində “Azərbaycan dilçilik nailiyyətləri” sərgisi də keçiriləcək.

Xəbər lenti