AMEA-nın Əsas binasında “COP29: Qlobal və milli çağırışlar, elmin vəzifələri” kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, nəşrin layihə rəhbəri və “Ön söz”ün müəllifi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, elmi redaktoru AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova, tərtibçisi AMEA-nın vitse-prezidentinin xidmətinin elmi katibi aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Afiq Məmmədovdur.
Tədbiri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq “Yaşıl dünya naminə həmrəylik ili” və Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yekunlarına həsr olunmuş kitabın elmi və siyasi əhəmiyyətini vurğulayıb. O, 2024-cü il ərzində AMEA-da “Yaşıl dünya naminə həmrəylik ili” və COP29-la bağlı həyata keçirilmiş layihələr, görülmüş işlər, nəşr fəaliyyətləri və qarşıda duran perspektivləri əks etdirən bu nəşri Akademiyanın həm elmi fəaliyyətinin hesabatı, həm də beynəlxalq tədbirin çağırışları fonunda akademik vəzifələri ümumiləşdirən mühüm sənəd kimi yüksək dəyərləndirib.
Akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycana böyük uğurlar gətirən COP29 BMT tərəfindən bu günədək dünyanın müxtəlif ölkələrində keçirilmiş beynəlxalq səviyyəli tədbirlərin zirvəsində dayanır. Bu mötəbər tədbirin ölkəmizdə yüksək təşkilatçılıqla keçirilməsi Azərbaycanın qlobal miqyasda iqlim dəyişikliyi və ətraf mühitin qorunmasında liderlik rolunu nümayiş etdirib.
Sonra Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev çıxış edərək bildirib ki, “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 beynəlxalq tədbirləri təkcə siyasi və iqtisadi deyil, həm də elmi və mənəvi sahələrdə yeni düşüncə tərzi formalaşdırır. Cari ilin noyabr ayınadək Azərbaycan bu mötəbər tədbirin sədri kimi fəaliyyətini davam etdirəcək.
Prezidentin nümayəndəsi qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyası COP29 prosesində fəal iştirak edir və bu istiqamətdə ölkənin elmi potensialının səfərbər olunması mühüm əhəmiyyət kəsb edir.
Daha sonra AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova çıxış edərək COP29-un təkcə ekoloji və iqlim diplomatiyası baxımından deyil, həm də qlobal elmi inteqrasiyanın, bilik və innovasiyaların birləşdiyi bir məkan kimi tarixə düşdüyünü söyləyib. O, Azərbaycanın bu mötəbər tədbirə ev sahibliyi etməsinin ölkəmizin qlobal ekosistem idarəçiliyində artan nüfuzunun, Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşmış “yaşıl transformasiya” kursunun və milli elmin dövlət siyasətinə dərin inteqrasiyasının parlaq göstəricisi olduğunu bildirib.
Tədbirdə Bakı Dövlət Universitetinin Botanika və bitki fiziologiyası kafedrasının müdiri AMEA-nın müxbir üzvü Elşad Qurbanov, Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Qaliboğlu və digərləri çıxış edərək nəşrin yalnız elmi ictimaiyyət üçün deyil, həm də geniş oxucu kütləsi, xüsusilə gənc tədqiqatçılar, doktorantlar və tələbələr üçün dəyərli elmi mənbə olacağına, yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsinə təkan verəcəyinə əminliklərini ifadə ediblər.
Sonda tədbir iştirakçıları Akademiya şəhərciyi ərazisində salınmış AMEA-nın Nadir ağaclar parkına baxış keçiriblər.