Oktyabrın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “AzEdu.az” təhsil portalının təşəbbüsü ilə həyata keçirilən “Brend tələbə” layihəsi çərçivəsində seçilmiş tələbələrlə görüş təşkil olunub. Layihənin əsas məqsədi tələbələr arasında sağlam rəqabət mühiti formalaşdırmaq, fəal və istedadlı gəncləri cəmiyyətə daha yaxından tanıtmaq, onların uğurlarını həm yaşıdları, həm də gələcək tələbə namizədlər üçün motivasiya mənbəyinə çevirməkdir.
Görüşdə ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev, “Modern Media Group”un təsisçisi və “AzEdu.az” Təhsil Portalının rəhbəri Elşad Eyvazlı və tələbələr iştirak ediblər.
ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru prof. Fikrət Rzayev çıxışında qeyd edib ki, “Brend tələbə” layihəsi gənclərin yalnız akademik göstəricilərini deyil, həm də ictimai fəallığını ön plana çıxarır. Prorektor bildirib ki, universitet tələbələrin fərdi inkişafına dəstək olmaqla yanaşı, onların ictimai və mədəni fəaliyyətlərini də təşviq edir. ADPU-da tələbələrin yaradıcılıq və təşəbbüskarlıq potensialını artırmaq məqsədilə müxtəlif elmi və sosial layihələr, seminarlar və beynəlxalq proqramlar həyata keçirilir. Bundan əlavə, universitetdə dərsdənkənar fəaliyyətlərin genişləndirilməsi, idman və musiqi fəaliyyətlərinin təşkili, sosial layihələrin dəstəklənməsi istiqamətində ardıcıl işlər aparılır. Bu tədbirlər tələbələrin liderlik bacarıqlarının formalaşmasına, məsuliyyət hissinin artırılmasına və cəmiyyətdə nümunəvi fəaliyyət göstərmələrinə imkan yaradır.
Elşad Eyvazlı bildirib ki, “Brend tələbə”lərin seçimi zamanı bir sıra əsas göstəricilər nəzərə alınır. Bu meyarlar tələbənin universitetin ictimai həyatında fəallığı, yenilikçi düşüncəsi və yeni çağırışlara verdiyi yaradıcı yanaşmaları, eləcə də ali təhsil müəssisəsinin nüfuzunu artıracaq ideya və təşəbbüslərlə çıxış etməsi kimi kriteriyaları əhatə edir. Namizədlərin milli və dövlətçilik dəyərlərinə sadiqliyi, bu mövqeyin prinsipial şəkildə qorunması və beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil etməsi mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlara sahib olmaq, ixtisası üzrə elmi və istehsalat göstəriciləri, analitik düşüncə qabiliyyəti də qiymətləndirilən əsas amillərdəndir. Tələbənin beynəlxalq proqramlarda iştirakı, liderlik keyfiyyətləri və onların praktik tətbiqi, xarici dil bilikləri, musiqi və idman sahələrindəki bacarıqları, dərsdənkənar fəallığı və sosial şəbəkələrdə məqsədyönlü, faydalı aktivliyi də bu seçim prosesində nəzərə alınan digər vacib meyarlardır.
Görüş zamanı tələbələr öz uğur hekayələrini bölüşüb, gələcək planları barədə danışıb, layihənin onların şəxsi və akademik inkişafına verdiyi töhfələrdən söz açıblar.
Qeyd edək ki, “Brend tələbə”lər universitetlərin professor-müəllim heyətinin və tələbə ictimaiyyətinin rəyi əsasında, ekspert komissiyası tərəfindən müəyyən olunmuş xüsusi meyarlar əsasında, hər universitetdən 10 tələbə olmaqla seçilir. Məleykə İsmayılova,İlkin Quluzadə, Səfa İdrisov, Xədicə Babayeva, Şərəf Əzəmmədova, Nərmin Həsənova, Səidə Abulova, Aytac Muradlı, Zərinə Hümbətova və Mehriban Hüseynova ADPU-dan 2025-ci il üçün seçilmiş “Brend tələbə”lərdir.