Logo

Akademik Rafael Hüseynov: Din təhsili daim axtarışda olmalı və yeni metodlar tapmalıdır

22.10.2025 12:21 34 baxış
IMG

Müasir din təhsili modellərinin müzakirə olunduğu beynəlxalq simpoziumun keçirilməsində məqsəd yalnız elmi bilik mübadiləsi aparmaq deyil. Məqsədimiz mənəvi dəyərlərlə çağdaş dünyanın tələblərini uzlaşdırmaq, din təhsilinin həm mahiyyətinə, həm də müasir dövrün reallıqlarına cavab verən modellərini formalaşdırmaqdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” beynəlxalq simpoziumun açılış mərasimində Milli Məclis sədrinin müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov deyib. O qeyd edib ki, peşəkar səviyyədə təşkil edilən din təhsili yalnız din xadimləri üçün deyil, bütöv cəmiyyətin dini savadlılığı üçün də mühüm rol oynayır. “Dinin ən etibarlı dayaqlarından olan din təhsili daim axtarışda olmalı, öz məqsədlərinə çatmaq üçün yeni metodlar tapmalıdır. Çünki mənəvi dəyərlərin qorunması və cəmiyyətdə nizamın saxlanması məhz bu təhsilin səviyyəsindən asılıdır. Bu gün dünya texnoloji inqilab dövrünü yaşayır. Əvvəllər bir çox yeniliklər “şeytan əməli” kimi qəbul edilirdi. Lakin ağılla və məqsədyönlü şəkildə istifadə ediləndə həmin texnologiyalar insanlığa xidmət edən “mələk qüvvəsinə” çevrilib”, - deyə deputat vurğulayıb.

Deputat bildirib ki, din təhsili də zamanın tələblərinə uyğun olmalı, yeni texnologiyaların imkanlarından səmərəli istifadə etməyin yollarını tapmalıdır. “Azərbaycanda din təhsilinin tarixi yüzillərlə ölçülür. Qədim mədrəsə təhsil sisteminin ən uğurlu cəhəti universal biliklər verə bilməsi idi. Şərqin böyük alimləri həm din elmlərində, həm də təbiət və ictimai elmlərdə mükəmməl biliklərə malik idilər. Bu tarixi təcrübədən çıxış edərək, bu gün bizim məqsədimiz yalnız yaxşı din mütəxəssisləri deyil, ilahiyyatla yanaşı digər sahələrdə də düşünən, idarəetmə və sosial məsuliyyət biliklərinə malik mütəxəssislər yetişdirməkdir”.

Xəbər lenti