Bakı Mühəndislik Universiteti (BMU) ilə Pekin Kimya Texnologiya Universiteti (PKTU) arasında bu ildən etibarən icrasına başlanılan ikili diplom proqramı (İDP) çərçivəsində Çində təhsil alan ilk tələbə qrupu ilə görüş keçirilib.
BMU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, Pekində baş tutan görüşdə beynəlxalq əlaqələr üzrə prorektor Ətrabə Gül iştirak edib. Görüş zamanı tədris prosesi, tələbələrin akademik nailiyyətləri və sosial mühitə uyğunlaşması məsələləri müzakirə olunub.
Ətrabə Gül bildirib ki, BMU-nun xarici ali təhsil müəssisələri ilə həyata keçirdiyi ikili diplom proqramları universitetin beynəlmiləlləşmə strategiyasının mühüm istiqamətlərindəndir. Bu baxımdan Çinin aparıcı universitetləri ilə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.
Görüşdə tələbələr tədris mühiti və yaşayış şəraiti ilə bağlı təəssüratlarını bölüşüb, gələcək planları barədə fikir mübadiləsi aparıblar. Onlar təhsillərini yüksək səviyyədə davam etdirmələri üçün hərtərəfli şərait yaradıldığını qeyd ediblər. Həmçinin Azərbaycan ilə Çin arasında dövlət başçıları səviyyəsində formalaşmış dostluq, strateji tərəfdaşlıq münasibətlərinin iki ölkənin təhsil və elm sahəsində əməkdaşlığının inkişafına mühüm töhfə verdiyi vurğulanıb.
Qeyd edək ki, bu proqram Azərbaycan və Çin universitetləri arasında bakalavriat səviyyəsində icra olunan ilk ikili diplom proqramıdır. Tələbələr hər iki universitetdə təhsil alaraq BMU və PKTU-nun diplomlarını əldə edəcəklər. Yüksəkixtisaslı, beynəlxalq əmək bazarı üçün rəqabətədavamlı mütəxəssislərin hazırlanmasına imkan yaradan proqram kimya, kompüter və mexanika mühəndisliyi ixtisaslarını əhatə edir. 2+2 modelinə əsasən tələbələr BMU-da I və II kursları uğurla tamamladıqdan sonra təhsillərini PKTU-da davam etdirirlər. Gələcək illərdə proqrama qəbulun genişləndirilməsi də nəzərdə tutulur.