Logo

Koreya Ədəbiyyatı üzrə ədəbi icmal müsabiqəsinin nəticələri açıqlanıb

24.10.2025 12:29 40 baxış
IMG

Koreya Ədəbiyyatı Tərcümə İnstitutunun dəstəyi və Azərbaycan Dillər Universitetinin (ADU) təşkilatçılığı ilə Koreya Ədəbiyyatı üzrə ədəbi icmal müsabiqəsi keçirilib.

2025-ci ilin iyul ayından oktyabr ayınadək davam edən müsabiqənin mükafatlandırılma mərasimi 23 oktyabr 2025-ci il tarixində ADU-nun Koreya Araşdırmaları Mərkəzində baş tutub.

Müsabiqə iştirakçıları ADU-nun Koreya dili müəllimləri tərəfindən Koreya dilindən Azərbaycan dilinə tərcümə edilən beş əsər haqqında ədəbi icmal (review) yazaraq I, II, III və IV yerlər uğrunda yarışıblar. Yazılar münsiflər heyəti — ADU-nun müəllimləri Zaur Abışov, Ülviyyə Mirzəyeva, Könül Kamilzadə və Günel Abasova tərəfindən orijinallıq, məntiqi ardıcıllıq və əsərlə uyğunluq meyarları əsasında qiymətləndirilib.

50-dən çox iştirakçı arasında ADU-nun Koreya dili ixtisası üzrə təhsil alan tələbələr də uğurla çıxış ediblər. Nəticələrə əsasən:

• Nigar Adgözəlova (Koreya dili, IV kurs) – I yer

• Simuzər Qədirli (Koreya dili, III kurs) və Muhammed Musa (Koreya dili, IV kurs) – III yer

• Turanə Cəfərova (Koreya dili, 2022-ci il məzunu) – IV yer

Bundan əlavə, müxtəlif bölgələrdən qatılan iştirakçılar arasında da fərqlənənlər olub:

• Vəfa Məmmədova (Zaqatala rayonu, Gözbarax kənd tam orta məktəbi, coğrafiya müəllimi) – I yer

• Türkan Qasımova (Bravo supermarket) və Aydan Həsənova (ƏƏSMN Dövlət Əmək Müfəttişliyi Xidməti) – II yer

• Aytac Hacıyeva (Varagi Turizm şirkəti) – IV yer

Qaliblər pul mükafatı və sertifikatla təltif olunub, digər iştirakçılara isə xatirə hədiyyələri təqdim edilib.

Tədbir ADU-nun rektor müşaviri Anar Osmanlının açılış nitqi ilə başlayıb, daha sonra müsabiqənin koordinatoru Bahar Əliyeva “Koreya Ədəbiyyatına baxış” adlı məruzə ilə çıxış edib.

Tədbirdə həmçinin Tərcümə fakültəsinin dekanı prof. Bənövşə Məmmədova, eləcə də Cənubi Koreyanın Azərbaycandakı Səfirliyinin 3-cü katibi Ms. Choi Minhee iştirak edib.

Mərasim çərçivəsində bu ilin may ayında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçirilən şifahi tərcümə və esse müsabiqəsində fərqlənən tələbələr də diplomlarla təltif olunublar.

Tamaşa Əliyeva, Cəmalə Məmmədova və Fatimə Hüseynzadə “Ən yaxşı tərcüməçi” nominasiyasına, Aqşin Məmmədov isə “Ən yaxşı esse” nominasiyasına layiq görülüb.

Xəbər lenti