Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş maarifləndirici tədbir keçirilib.
TƏHSİL.BİZ xəbər verir ki, tədbirin əsas məqsədi gənclər arasında sağlam həyat tərzini təbliğ etmək, narkotik vasitələrin insan sağlamlığına və cəmiyyətə vurduğu fəsadlar barədə məlumatlandırmaq, eləcə də narkomaniyaya qarşı mübarizədə ictimai fəallığı artırmaq olub.
Görüşdə UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavinləri, Baş Narkotiklə Mübarizə İdarəsinin təhqiqat qrupunun rəisi, polis mayoru Nəcəf Aydınoğlu, Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sektor müdiri Raqif Allahverdiyev, Bakı şəhər Narkoloji Mərkəzinin psixoterapevti Günay Babayeva və Gənclər Mərkəzi İctimai Birliyinin sədri Kənan Qubadzadə iştirak ediblər.
Çıxışlar zamanı “Narkomaniyanın cəmiyyətə mənfi təsirləri”, “Gənclərin narkotik vasitələrdən qorunma yolları”, “Sağlam gələcək üçün düzgün seçim” və “Bu sahədə ailənin və universitetin rolu” kimi önəmli mövzular geniş şəkildə müzakirə olunub. Həmçinin qonaqlar narkomaniyanın qarşısının alınmasında profilaktik tədbirlərin və ictimai maarifləndirmənin vacibliyini xüsusi olaraq vurğulayıblar.
Sonda tələbələrin mövzu ətrafında sualları cavablandırılıb.