Logo

BMU ilə Sapienza Universiteti arasında əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub

13.10.2025 12:21 41 baxış
IMG

Bakı Mühəndislik Universiteti (BMU) ilə İtaliyanın Roma Sapienza Universiteti arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə həsr olunmuş görüş keçirilib.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, görüşdə BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül, həmçinin elm və innovasiya məsələləri üzrə prorektor Ağası Məlikov universitetin beynəlxalq əlaqələr strategiyası, tərəfdaşlıq proqramları, elmi-tədqiqat fəaliyyətləri barədə ətraflı məlumat verib, o cümlədən Sapienza Universiteti ilə əməkdaşlığın perspektivlərinə diqqət çəkiblər.

Sapienza Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Qraziella Qalione ali məktəbin fəaliyyəti və beynəlxalq əməkdaşlıq imkanları barədə təqdimat edib. Sapienza Universitetinin nümayəndələri BMU ilə daha geniş əməkdaşlığın hər iki tərəf üçün səmərəli nəticələr verəcəyinə inamlarını vurğulayıblar.

Çıxışlar zamanı iki ali təhsil müəssisəsi arasında müxtəlif mübadilə proqramları çərçivəsində artıq formalaşmış əməkdaşlıq münasibətləri yüksək qiymətləndirilib. Tərəflər mövcud əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi, elm, innovasiya və təhsil sahələrində yeni birgə layihələrin reallaşdırılması, eləcə də tələbə, müəllim mübadiləsinin genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Görüşün yekununda tərəflər arasında mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi, yeni birgə təşəbbüslərin həyata keçirilməsi və yaxın gələcəkdə əməkdaşlığın institusional səviyyədə genişləndirilməsi barədə razılıq əldə olunub.

Xəbər lenti