Logo

ADPU-da “Peşəkar təcrübə proqramı"nın 2-ci çağırışının məzunları təltif olunub

23.10.2025 14:54 58 baxış
IMG

Oktyabrın 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzi (ADPUSİM) tərəfindən  həyata keçirilən “Peşəkar təcrübə proqramı”nın (PTP) 2-ci çağırışının yekunlaşması ilə bağlı görüş keçirilib. Görüşdə universitetin rektoru professor Cəfər Cəfərov, strateji inkişaf məsələləri üzrə prorektor Könül Pireverdiyeva, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev, ADPU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Cəmilə Qurbanova və proqramın məzunları iştirak ediblər.
Rektor prof. Cəfər Cəfərov proqramın gənc mütəxəssislərin peşəkar inkişafı baxımından əhəmiyyətini vurğulayıb. O, bildirib ki, “Peşəkar təcrübə proqramı” tələbələrə və məzunlara nəzəri biliklərini real iş mühitində tətbiq etmək, analitik düşünmə və təşkilatçılıq bacarıqlarını inkişaf etdirmək imkanı yaradır. Rektor bu cür təşəbbüslərin universitetin insan kapitalının formalaşmasına, gənclərin elmi və idarəetmə proseslərinə cəlb olunmasına mühüm töhfə verdiyini qeyd edib. C.Cəfərov proqramın həm təcrübəçilər, həm də universitet üçün qarşılıqlı öyrənmə və inkişaf platforması olduğunu diqqətə çatdırıb. O, təcrübəçilərin layihələrin icrası, analitik təhlil və hesabatların hazırlanmasında fəal iştirakının universitetin strateji məqsədlərinə töhfə verdiyini, proqramın gənclərin təşəbbüskarlıq və məsuliyyət hissini daha da gücləndirdiyini bildirib.
Strateji inkişaf məsələləri üzrə prorektor Könül Pireverdiyeva proqramın məqsədləri, həyata keçirilmə mexanizmi və nəticələri barədə məlumat verib. K.Pirverdiyeva bildirib ki, ADPU-nun “Azərbaycan Dövlət Pedaqoji Universitetinin struktur bölmələrində peşəkar təcrübə proqramının təşkili” Qaydasına uyğun olaraq həyata keçirilən proqram magistratura və doktorantura səviyyəsində təhsil alan və ya məzun olmuş şəxslərin real iş mühitinə inteqrasiyasına dəstək məqsədi daşıyır. Proqram çərçivəsində təcrübəçilər ADPU-nun Strateji İnkişaf Mərkəzinin müxtəlif fəaliyyət istiqamətləri üzrə tapşırıqları yerinə yetirib, universitetin strateji inkişaf planının təhlili, akkreditasiya hesabatlarının hazırlanması, layihələrin idarə olunması və ictimaiyyətlə əlaqələr sahəsində praktik biliklər əldə ediblər. Onlar, həmçinin “Məktəb liderliyi" və “Məktəbəqədər təhsildə liderlik” proqramları kimi layihələrin təşkilinə dəstək göstərib, maarifləndirici materialların hazırlanması və mərkəzin sosial media resursları üçün məzmun yaradılmasında iştirak ediblər.
Daha sonra proqramı uğurla başa vuran 6 nəfər təcrübəçiyə şəhadətnamələr təqdim olunub. Onların təəssüratları və təklifləri dinlənilib. Görüş qarşılıqlı müzakirələrlə davam edib.
Qeyd edək ki, proqrama ümumilikdə 50-dən çox şəxs müraciət edib və müsahibə mərhələsindən keçən 6 nəfər 11 aprel - 11 iyul 2025-ci il tarixləri aralığında 3 aylıq (260 saat) təcrübə proqramını uğurla başa vurublar.

Xəbər lenti