Logo

Repetitorun verdiyi dərs

21.10.2025 16:40 28 baxış
IMG

Son illərdə Azərbaycanda repetitorluq ənənəsi məktəb təhsilinin ayrılmaz bir hissəsinə çevrilib. Abituriyent hazırlığına yönələn bu paralel sistem artıq yüz minlərlə ailə üçün zəruri təhsil mexanizmi kimi qəbul edilir. Lakin sual budur: məktəb nə vaxt repetitorun yerini tuta biləcək? Təhsil eksperti Kamran Əsədov vurğulayır ki, “repetitorluq məktəbin boşluğundan yaranan bir bazardır. Əgər məktəb təhsili real bilik, bacarıq və nəticə yaradırsa, əlavə hazırlıq ehtiyacı ya azalır, ya da tamamilə aradan qalxır.”

Ekspert qeyd edir ki, bu problemin kökü məktəbin tədris mexanizmində, qiymətləndirmə sistemində və müəllim-məktəb mühitində gizlidir. O bildirir ki, “hazırda məktəblərimizdə dərsin əsas məqsədi bilik vermək yox, dərsi ‘keçmək’ kimi anlaşılır. Nəticədə şagirdlərdə öyrənmə motivasiyası azalır və repetitor yanına getmək ‘mecburi’ hal alır.”

Dünya təcrübəsi göstərir ki, repetitorluq təkcə Azərbaycanda yox, bir çox ölkələrdə müəyyən dövrlərdə aktual olub, lakin inkişaf etmiş təhsil modelləri bu ehtiyacı minimuma endirə bilib. Məsələn, Finlandiyada məktəb təhsili elə təşkil olunub ki, şagirdlər fərdi yanaşma və güclü psixoloji dəstək sayəsində məktəbdənkənar hazırlığa ehtiyac duymurlar. OECD-nin “Education at a Glance 2023” hesabatına əsasən, Finlandiyada repetitorluğa müraciət edən şagirdlərin payı 3 faizdən azdır. Bu göstərici Cənubi Koreyada 75 faiz, Yaponiya və Sinqapurda isə 60 faiz civarındadır.

Kamran Əsədov sitat gətirir: “Əgər məktəbdə şagirdin fərdi öyrənmə trayektoriyası nəzərə alınmırsa, repetitor sistemi təbii şəkildə formalaşır. Təhsil sistemi şagirdi ortalama ölçülərlə deyil, fərdi potensialla dəyərləndirməlidir.”

Azərbaycanda isə vəziyyət tam fərqlidir. Dövlət İmtahan Mərkəzinin statistik məlumatlarına görə, abituriyentlərin təxminən 83 faizi qəbul imtahanlarına repetitor vasitəsilə hazırlaşır. Bəzi regionlarda bu göstərici 90 faizə qədər yüksəlir. Bu da o deməkdir ki, orta məktəb faktiki olaraq şagirdi universitetə deyil, yalnız imtahana yönəldən mexanizmin kölgəsində qalır.

Kamran Əsədov qanunvericiliyə uyğun olaraq qeyd edir ki, “Təhsil haqqında” Qanunun 13-cü maddəsinə əsasən, ümumi təhsilin məqsədi təkcə bilik vermək deyil, həm də şagirdin yaradıcı potensialını və müstəqil düşünmə qabiliyyətini inkişaf etdirməkdir. Lakin real praktikada bu norma hələ də tam təmin olunmayıb. Müəllimlər və məktəb rəhbərləri üzərinə düşən inzibati yüklər, formallıq, kurikulumun çoxsahəliliyi və sınaq imtahanlarının çoxluğu dərsin mahiyyətini dəyişib.

Təhsil eksperti bildirir ki, “repetitor məktəbin rəqibi yox, onun nəticəsidir. Problemin həlli repetitoru qadağan etməkdə deyil, məktəbi onun alternativinə çevirməkdədir.” Bunun üçün bir neçə əsas istiqamət önə çıxır: müəllimlərin diaqnostik qiymətləndirilməsi nəticəsində motivasiya mexanizmlərinin artırılması, siniflərdə fərdi yanaşma metodlarının tətbiqi və məktəblərdə real nəticəyə əsaslanan tədris modeli.

Dünya təcrübəsindən nümunələr bu baxımdan çoxdur. Sinqapur modeli buna parlaq nümunədir. 1990-cı illərdə ölkədə repetitorluq bazarının həcmi təhsil büdcəsinin 15 faizinə bərabər idi. Lakin hökumət “Teach Less, Learn More” (Az öyrət, çox öyrən) strategiyasını tətbiq etdi. Məktəblərdə dərslər daha praktik, interaktiv və fərdi bacarıqlara yönəldildi. Nəticədə, 15 il ərzində repetitorluğa ehtiyac 40 faiz azaldı.

Kamran Əsədov bildirir ki, “bizdə də məktəbin əsas funksiyası yenidən düşünülməlidir. Məktəb imtahan mərkəzi deyil, həyat bacarıqları öyrədən sistem olmalıdır. Əgər məktəb öyrənmənin motivasiyasını yaradırsa, repetitorluq tədricən sosial fenomen kimi yoxa çıxar.”

Beynəlxalq təcrübələr göstərir ki, repetitorluğun azalması üçün əsas şərtlər bunlardır: məktəblərdə təlimin fərdiləşməsi, müəllimin müstəqilliyinin artırılması, valideynin təhsilə inamının güclənməsi və qiymətləndirmə sisteminin təkcə testlərə deyil, prosesə əsaslanması.

Məsələn, Estoniyada məktəblər beynəlxalq səviyyədə ən yüksək nəticələrdən birinə malikdir. PISA 2022 nəticələrinə görə, eston şagirdlər oxu və riyaziyyat üzrə Avropada birinci yerdədir. Bunun səbəbi repetitorluğun yoxluğu deyil, məktəbin özünün repetitor rolunu oynamasıdır. Hər şagird üçün fərdi tədris planı hazırlanır, zəif tərəflər erkən mərhələdə müəyyən olunur və dərhal dəstək tədbirləri görülür.

Kamran Əsədov sitat gətirir: “Məktəbdə elə bir mühit olmalıdır ki, repetitorun verdiyi əlavə dərs orada artıq olsun. Bu, ancaq məktəbin içində baş verən real öyrənmə prosesi ilə mümkündür.”

Ekspert əlavə edir ki, məktəblərdə müəllimlərin davamlı peşəkar inkişaf proqramları gücləndirilməlidir. Çünki repetitorluğun yaranma səbəblərindən biri də müəllimlərin metodik hazırlıq səviyyəsindəki fərqliliklərdir. Finlandiya, Norveç və Kanada kimi ölkələrdə müəllimlərin 90 faizdən çoxu ildə azı 80 saat ixtisasartırma kurslarında iştirak edir. Azərbaycanda isə bu göstərici hələlik 25–30 saat civarındadır.

Kamran Əsədovun fikrincə, məktəbin repetitorun yerini tuta bilməsi üçün ən vacib addım tədrisə inamın bərpasıdır. “Valideyn əgər məktəbdə övladının öyrənəcəyinə inanırsa, əlavə dərsə pul xərcləməz. Məktəb cəmiyyətdə yenidən güvən platformasına çevrilməlidir.”

Beləliklə, məktəbin repetitorun yerini tam tutması uzunmüddətli, sistemli və kompleks yanaşma tələb edir. Bu, nə bir qərarla, nə də qadağa ilə mümkün deyil. Məktəb ancaq o zaman repetitorun yerini tuta bilər ki, o, bilik deyil, öyrənmə mərkəzinə çevrilsin.

 

Bəhman Hüseynli

Xəbər lenti