Logo

“Tanrıçılıq” - Folklor İnstitutunun yeni nəşri

21.10.2025 17:04 34 baxış
IMG

AMEA-nın Folklor İnstitutu Elmi şurasının qərarı ilə mərhum tədqiqatçı Arif Rəhimoğlunun son elmi əsəri - “Tanrıçılıq” kitabı nəşr edilərək elmi ictimaiyyətə təqdim olunub.

İnstitutdan bildirilib ki, əsər “Vaxtsız ölüm, bitməmiş əsər”, “Ön söz yerinə”, “Giriş”, üç əsas bölmə və “Qaynaqlar” hissəsindən ibarətdir. Kitabda “Tanrı anlayışı”, “Tanrı inancı və din”, “Təktanrıçılığın ulu öndəri - Hz. İbrahim peyğəmbər”, “Tanrıçılığın özülləri” kimi mövzular əhatə olunaraq, “bir tanrı” inancının tarixi kökləri araşdırılır. Müəllif “bir tanrı” inancının Mesopotamiya (Şumer) mənşəyinə və sami xalqları arasında yayılmasına xüsusi diqqət yetirir.

Arif Rəhimoğlu əsərdə türklərin İslamdan öncəki təktanrıçı inanc sistemini elmi qaynaqlara əsaslanaraq tədqiq edir. Tanrı anlayışının fəlsəfi və etimoloji əsaslarını araşdıran müəllif ibadət formaları (dua, nəzir, mərasim) və əxlaq prinsipləri (alplıq, bilgəlik, düzlük, əliaçıqlılıq) kimi məsələləri təhlil edir.

Kitabda Hz. İbrahim peyğəmbər təktanrıçılığın ilk carçısı kimi təqdim olunur. Müəllif bu fikrini tarixi, coğrafi və dil faktları ilə əsaslandıraraq Hz. İbrahimin Kəngər (Şumer) mənşəli olduğunu irəli sürür. Onun qənaətinə görə, İbrahimin dini seçimi yalnız fərdi inanc deyil, həm də bütpərəstlik və insan qurbanı kimi dini ayinlərə qarşı mənəvi islahat idi.

Əsərin üçüncü bölümü müəllifin vəfatı səbəbindən natamam qalsa da, burada “Tanrı” sözünün mənşəyi, tanrıçılığın inanc strukturu və əxlaq sistemi barədə qeydlər yer alır.

Müəllifin dil və terminologiyaya yanaşması da spesifikdir. O, Azərbaycan türkcəsinin ifadə imkanlarından geniş şəkildə istifadə edərək alınma terminlərə milli qarşılıqlar təklif edir. Bu baxımdan “Tanrıçılıq” kitabı mövzu ilə bağlı xüsusi terminoloji sistemin irəli sürülməsi kimi maraq doğurur.

“Elm və təhsil” nəşriyyatında işıq üzü görən kitabın nəşrə hazırlayanı və redaktoru filologiya elmləri doktoru, professor Əfzələddin Əsgərdir.

“Tanrıçılıq” elmi əsəri din tarixi, fəlsəfə, dilçilik və mədəniyyətşünaslıq sahəsində çalışan alimlər üçün mənbə olmaqla yanaşı, gənc tədqiqatçılar üçün də yeni istiqamətləri ehtiva edir. Müəllifin vaxtsız vəfatı onun planlaşdırdığı tədqiqatların tamamlanmasına imkan verməsə də, bu əsər tanrıçılıq konsepsiyasının elmi əsaslarının araşdırılması baxımından dəyərli mənbə hesab oluna bilər.

 

Xəbər lenti