Bakıda Elm və Təhsil Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) birgə təşkilatçılığı ilə “Yaşıl təhsil” mövzusunda ilk regional konfransın birinci günü başa çatıb.
TƏHSİL.BİZ xəbər verir ki, STEAM İnnovasiya Mərkəzində keçirilən konfransda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan nümayəndələri iştirak ediblər.
Elm və təhsil nazirinin müavini Həsən Həsənli çıxışında Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə təhsil sisteminin imkanlarından fəal şəkildə istifadə etdiyini vurğulayıb. O bildirib ki, şagirdlərdə iqlimə həssas davranışın formalaşdırılması, gələcək nəsillərin ekoloji məsuliyyət daşıyan fərdlər kimi yetişməsi təhsil siyasətinin prioritet istiqamətlərindəndir.
ICESCO-nun Bakı Regional Ofisinin direktor müavini Məryəm Qafarzadə və təşkilatın Təhsil sektorunun rəhbəri Heddi Jatu Sey “yaşıl təhsil” təşəbbüsünün region ölkələri arasında təcrübə mübadiləsi və davamlı inkişafın tədrisə inteqrasiyası baxımından mühüm platforma olduğunu qeyd ediblər.
Konfransın texniki sessiyasında iştirakçı ölkələr “yaşıl təhsil” sahəsində həyata keçirilən layihələr barədə təqdimatlar ediblər. Hər bir ölkə iqlim dəyişikliklərinə dair tədris məzmununun təkmilləşdirilməsi, müəllim hazırlığı, məktəb infrastrukturunun ekoloji standartlara uyğunlaşdırılması və ictimai maarifləndirmə üzrə gördükləri işləri təqdim edib.
Sessiyada, həmçinin ICESCO və Kembric Universitetinin birgə təqdimatı olan “Greening Education Framework” – “Yaşıl təhsil çərçivəsi” təqdim olunub. Bu model üzv ölkələrdə təhsil sistemlərinin iqlimə uyğunlaşdırılmasını və ekoloji biliklərin kurikulumlara inteqrasiyasını nəzərdə tutur.
İki gün davam edəcək seminarın əsas məqsədi iqlim dəyişikliyinə qarşı dayanıqlı gələcək naminə təhsil sistemlərinin transformasiyasını təşviq etmək, milli kurikulumlarda iqlim və davamlı inkişafla bağlı məzmunların sistemli şəkildə əhatəsini genişləndirmək, “yaşıl məktəb” modelinin tətbiqi istiqamətində siyasət dialoqu aparmaqdır.
Seminarın ikinci günündə beynəlxalq ekspertlərin iştirakı ilə “Təhsil siyasətinin formalaşdırılması” mövzusunda interaktiv panel müzakirəsi təşkil ediləcək. Panel müzakirəsində qlobal təhsil siyasətinin formalaşdırılmasında atılan əsas addımlar, milli kontekstə uyğun və dayanıqlı təhsil sisteminin qurulması, həmçinin iqlim dəyişikliyi və “yaşıl təhsil”lə bağlı aktual məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
İnteraktiv sessiyalar formatında keçiriləcək seminarın yekununda ICESCO və Elm və Təhsil Nazirliyi tərəfindən regional səviyyədə ümumi tövsiyələrin hazırlanması və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi nəzərdə tutulub.