İqlim təhsili siyasətimiz sadə, amma davamlıdır. İlk olaraq, müəllimlərin iqlim təhsili üzrə bacarıqlarını artırmağa diqqət yetiririk.
TƏHSİL.BİZ xəbər verir ki, bu fikirləri Elm və Təhsil Nazirliyinin (ETN) Məktəbəqədər və Ümumi Təhsil şöbəsinin müdir müavini Nəriman Qəhrəmanlı ETN və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) birgə təşkilatçılığı ilə keçirilən “Yaşıl təhsil” mövzusunda ilk regional konfrans çərçivəsində təşkil edilən birinci Texniki sessiyada “Mövcud yaşıl təhsil təşəbbüsləri”ilə bağlı təqdimatı zamanı deyib.
O bildirib ki, müəllimlər bu transformasiyanın mərkəzindədir. Əsas məqsədlərdən biri müəllimlər arasında ekoloji savadlılığı təşviq etmək və davamlılığa yönəlmiş tədrisi həyata keçirmək üçün onların lazım olan bacarıq və kompetensiyalara yiyələnməsinə kömək etməkdir.