Logo

Beynəlxalq konfransda Azərbaycanla Çin arasında humanitar elmi ədəbiyyatın tərcüməsindən danışılıb

24.10.2025 16:50 35 baxış
IMG

Çinin Fucien əyalətinin Nanpinq şəhərində “Gu Si fəlsəfəsi“ konfransı və Qlobal Sivilizasiya Dialoqu keçirilib.

AZƏRTAC xəbər verir ki, Çin İctimai Elmlər Akademiyası və Beynəlxalq Konfutsiçilik Assosiasiyasının təşkilatçılığı ilə keçiriləm tədbirdə 51 ölkədən 200-dən çox alim və tədqiqatçı iştirak edib.

Konfransın açılış mərasimində çıxış edən Çinin keçmiş Baş nazirinin müavini, Beynəlxalq Konfutsiçilik Assosiasiyasının prezidenti Sun Kunlan XII əsr Çin filosofu Gu Sinin (Zhu Xi) fəlsəfəsini Konfutsidən sonra Çin və Cənub-Şərqi Asiya xalqlarının milli düşüncəsinə ən çox təsir edən mütəfəkkir kimi dəyərləndirib, onun ideyalarının günümüzlə səsləşməsini vurğulayıb.

Dünyada baş verən proseslər, eləcə də süni intellektin sürətlə inkişaf etdiyi rəqəmsal dövrdə Gu Si fəlsəfəsinin müasir qlobal sivilizasiya dialoquna verə biləcəyi töhfələr müzakirə olunub, bu sahədə yeni tədqiqatlar təqdim edilib.

Pekin Xarici Dillər Universiteti Azərbaycan dili kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev Azərbaycanla Çin arasında humanitar elmi ədəbiyyatın qarşılıqlı tərcüməsinin müasir vəziyyətindən bəhs edib, qədim klassik əsərlərin qarşılıqlı tərcüməsi zamanı qarşıya çıxan tərcümə və linqvistik problemlər və onların həlli yollarını analiz edib. Natiq vurğulayıb ki, mədəni yüklü sözlərin düzgün tərcüməsi və cəmiyyətə çatdırılması mədəniyyətlərarası münasibətlər, qarşılıqlı dəyərlərin birgə qorunması və təbliği baxımdan mühüm əhəmiyyətə malikdir. Hər bir xalqın özünəməxsus milli mentalitetini əks etdirən söz ehtiyatı və ya həmin xalqın yetişdirdiyi alimin irəli sürdüyü ideyaların başqa dillərə düzgün tərcüməsi tərcüməşünaslıq elminin əsas tədqiqat obyektlərindəndir. Hazırda süni intellekt vasitəsilə mədəni yüklü sözlərin dürüst tərcüməsi etibarlı görünmür.

Aqşin Əliyev konkret nümunələrlə Çin və Azərbaycan dillərində mədəni yüklü sözlərin timsalında iki qədim xalqın bir çox dəyərləri birləşdirdiyini əyani şəkildə göstərib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Xəbər lenti