Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) beynəlxalq əməkdaşlıq istiqamətində daha bir mühüm nailiyyət əldə edib. “Fulbright” proqramı çərçivəsində AzMİU-da fəaliyyət göstərən Karoline Lavoie tərəfindən həyata keçirilən tədris və tədqiqat fəaliyyəti universitetin beynəlxalq layihələrində yeni mərhələnin əsasını qoyub. Layihə AzMİU-nun Xarici əlaqələr şöbəsi ilə Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının birgə təşkilatçılığı ilə reallaşdırılıb. “Fulbright” mütəxəssisi Karoline Lavoie ilə yanaşı, layihənin icrasında universitetin müəllimləri Yeganə Kərimli, Şəhla Qəhrəmanova, Şeyda Novruzzadə və Səttar Kərimli yaxından iştirak edərək tələbələrin beynəlxalq akademik mühitdə təcrübə qazanmasına töhfə veriblər.
Bu barədə AzMİU-dan məlumat verilib. Qeyd edilib ki, “Fulbright” mütəxəssisi Karoline Lavoie Amerikanın Utah Dövlət Universitetinin Landşaft memarlığı və ətraf mühitin planlaşdırılması kafedrası ilə AzMİU tələbələrinin birgə vorkşopunun keçirilməsinə təşəbbüs göstərib. Bu layihə Amerika Landşaft Memarları Cəmiyyəti (ASLA) və Amerika Planlaşdırma Assosiasiyası (APA) tərəfindən mükafatla təltif olunub.
Beynəlxalq vorkşop həm canlı, həm də onlayn formatda həyata keçirilib. Tədbirdə Utah Dövlət Universitetinin Landşaft memarlığı və ətraf mühitin planlaşdırılması kafedrasının 4-cü kurs tələbələri AzMİU-nun müəllim və tələbələri ilə birgə çalışıblar. Seminarın əsas mövzusu şəhər dizaynı, Bakının mərkəzi tarixi məhəllələrinin və yaşayış mühitinin regenerasiyası, eləcə də tarixi toxumanın qorunması, memarlıq və mədəni irsin mühafizəsi məsələləri olub. Təqdimatlarda, eyni zamanda, gələcək urbanistik inkişaf və müasir şəhər problemlərinin həlli yolları davamlı inkişaf kontekstində müzakirə edilib.
Layihənin ASLA və APA tərəfindən mükafatlandırılması AzMİU-nun beynəlxalq akademik nüfuzunun artdığını və universitetin tələbə və müəllimlərinin qlobal miqyasda tanınmağa başladığını göstərir. Bu uğur həm AzMİU-nun beynəlxalq əlaqələr sahəsindəki fəallığının, həm də Azərbaycan memarlıq təhsilinin dünya elmi mühitinə inteqrasiyasının bariz göstəricisidir.