Dövlət İmtahan Mərkəzi (DİM) qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirib.
DİM-dən verilən məlumata görə, imtahan mərkəzin elektron imtahanlar korpusunda kompüter vasitəsilə 1 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr, həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.
İmtahanda 171 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, müxtəlif istiqamətlər üzrə ümumilikdə 77 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
İmtahandan müvəffəqiyyətlə keçmiş namizədlərə imtahanda iştirak etdiyi qiymətləndirmə fəaliyyəti istiqaməti üzrə müvafiq şəhadətnamə təqdim edilir.
Bildirilib ki, ixtisas imtahanından keçməyən şəxslərin qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün keçirilən imtahanlarda təkrar iştirak hüququ var.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası oktyabrın 27 – 28-də, saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında fəaliyyət göstərəcək.