Logo

Alimlər üçün istinad izləmə vasitələri: Google Scholar-dan kənarda nə var?

25.10.2025 16:57 297 baxış
IMG

Alimlər üçün istinad izləmə vasitələri: Google Scholar-dan kənarda nə var?

Elmi tədqiqat və məqalə müəllifləri üçün istinadların izlənməsi elmi fəaliyyətin mühüm göstəricisidir. Müəllifin elmi nüfuzu, onun işlərinə olan maraq və beynəlxalq səviyyədə tanınma dərəcəsi əsasən istinadların sayı və keyfiyyəti ilə ölçülür.

Bu məqsədlə ən çox istifadə olunan platforma Google Scholar olsa da, elm adamlarının istinadlarını izləmək üçün başqa vasitələr də mövcuddur. Onlardan biri Publish or Perish proqramıdır. Microsoft tərəfindən təqdim edilən bu proqram Bing axtarış sisteminin bazasında işləyir və istifadəçilərə öz elmi məqalələrinin baxış sayını, yerləşdiyi mənbələri və istinad vəziyyətini asanlıqla öyrənməyə imkan yaradır.

Bir vaxtlar çox populyar olan bu proqramdan istifadə son illərdə azalsa da, bəzi alimlər hələ də onu əlavə analiz aləti kimi saxlayır. Bunun əsas səbəblərindən biri Google Scholar-ın axtarış arealının genişlənməsidir. Scholar artıq Yahoo, Yandex, Bing kimi sistemlərlə operativ şəkildə işləyir və OpenAlex, Dimensions, Crossref kimi beynəlxalq elm platformaları ilə qarşılıqlı əməkdaşlıq edir. Bu inteqrasiya istinadların daha dəqiq və geniş əhatədə təqdim edilməsinə şərait yaradır.

Hər bir axtarış sistemi istinadları fərqli şəkildə təqdim edir. Lakin istinadların elmi cəhətdən mötəbər və ciddi hesab edildiyi əsas elmsimetrik bazalar Web of Science (WoS)Scopus-dur. Bu platformalar elmi keyfiyyət və təsir əmsalı baxımından dünyada ən etibarlı mənbələr sayılır.

Bundan əlavə, Elsevier şirkətinin təqdim etdiyi ScienceDirect məlumat bazası vasitəsilə də müəlliflərə edilən istinadları müəyyənləşdirmək mümkündür. ScienceDirect yalnız Elsevier nəşriyyatına məxsus jurnallarda olan istinadları göstərir və bu, çox ciddi və nüfuzlu istinad sayılır. Elmi jurnallar da adətən öz uğurlarını ScienceDirect platformasında ölçməyə çalışırlar.

Scopus isə fərqli olaraq, yalnız Elsevier jurnallarını deyil, müxtəlif nəşriyyatlara məxsus bütün indeksli jurnallarda müəllifə olan istinadları əhatə edir. Bu isə alimlərə öz elmi təsir dairələrini daha geniş şəkildə qiymətləndirməyə imkan verir.

Beləliklə, müasir elmi fəaliyyət təkcə məqalə yazmaqla bitmir. Onun hansı jurnalda, hansı bazada və kimlər tərəfindən istinadlandığı da elmi reputasiyanın formalaşmasında həlledici rol oynayır. Buna görə də, hər bir tədqiqatçı yalnız Google Scholar-la kifayətlənməməli, müxtəlif istinad izləmə vasitələrindən istifadə etməklə öz elmi təsirini daha dəqiq analiz etməlidir.

 

Rahil Nəcəf

Xəbər lenti