Bülbülün Memorial Muzeyinin təqdim etdiyi "Bülbülün qonaqları" layihəsi bu dəfə görkəmli tarzən, Azərbaycanın ilk Xalq artisti Qurban Pirimovun (1880–1965)145 illiyinə həsr olunub.
Bu barədə muzeydən məlumat verilib.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Fərqanə Cabbarova Azərbaycan vokal sənətinin banisi Bülbül ilə ustad tarzən Qurban Pirimovun sıx dostluq və yaradıcılıq münasibətlərindən söhbət açıb. Qurban Pirimovun Azərbaycan musiqi tarixində, muğam və xalq mahnılarının bu günümüzə gəlib çıxmasında böyük xidmətləri olduğu vurğulanıb.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Alla Bayramova görkəmli tarzənin həyat və yaradıcılığı, musiqi mədəniyyətimizə töhfələri haqqında danışıb.
Tədbirdə Bülbül adına Orta ixtisas musiqi məktəbi və Şövkət Ələkbərova adına 20 nömrəli 11 illik Musiqi məktəbi şagirdlərinin ifasında muğam və xalq mahnıları səsləndirilib.