İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzi (İƏGF Avrasiya Regional Mərkəzi), Gənclər və İdman Nazirliyi və Bakı Dövlət Universitetinin (BDU) birgə tərəfdaşlığı ilə həyata keçirilən “İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası – 2025” layihəsi davam edir.
Bu barədə BDU-dan bildirilib.
Layihə çərçivəsində keçirilən sessiyada elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli “Elm, texnoloji tərəqqi və dövlət suverenliyi”, İƏGF Avrasiya Regional Mərkəzinin baş direktoru Rafiq İsmayılov “Beynəlxalq münasibətlərdə pərdəarxası müəyyənedici amillər” mövzularında məruzələrlə çıxış ediblər. Məruzəçilər müasir dövrdə elmin və texnologiyanın dövlət siyasətindəki rolundan, beynəlxalq münasibətlərdə qlobal güc balansını müəyyən edən amillərdən danışıblar.
Qeyd edək ki, 6 həftə ərzində davam edəcək “İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası – 2025” layihəsi çərçivəsində İƏT ölkələrini Azərbaycanda təmsil edən diplomatik missiya rəhbərləri, eləcə də azərbaycanlı rəsmilər və sahə üzrə ekspertlər beynəlxalq münasibətlər, dövlət quruculuğu, İslam sivilizasiyası, İƏT-in dünyada rolu, milli dövlətçiliyin əsasları və digər aktual mövzularla bağlı məruzələrlə çıxış edəcəklər.
Layihədə iştirak etmək üçün 15-dən çox aparıcı ali təhsil müəssisəsindən 600-dən artıq gənc müraciət edib. Onların arasından mövzuya dair bilikləri və xarici dil bacarıqları ilə fərqlənən 100 nəfər gənc seçilərək proqrama qəbul olunub.