Logo

Azərbaycan Universitetində “Erkən nikah – itirilmiş arzular” mövzusunda maarifləndirici tədbir keçirilib

27.10.2025 13:49 35 baxış
IMG

Azərbaycan Universitetində Sosial işin təşkili kafedrasının nəzdində fəaliyyət göstərən “Sossfera” Sosial İnkişaf Klubunun təşəbbüsü ilə “Erkən nikah – itirilmiş arzular” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirin qonağı “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə olub.

Universitetdən TƏHSİL.BİZ-ə bildirilib ki, tədbiri klubun sədri, sosial iş ixtisası üzrə II kurs tələbəsi Cansu Nəzərova açaraq, mövzunun aktuallığını vurğulayıb. Klub sədri “Erkən nikaha yox deyək!” mövzusunda çıxış edərək erkən nikahın cəmiyyətə, təhsilə və fərdi həyata mənfi təsirlərindən danışıb.

Tədbirin qonağı Kəmalə Ağazadə erkən nikah problemlərinin mövcud vəziyyəti, rayonlarda müşahidə edilən hallar, statistika və bu istiqamətdə həyata keçirilən tədbirlər barədə geniş məlumat verib. Kəmalə Ağazadə bildirib ki, erkən nikahlar bir çox hallarda qız uşaqlarının təhsilini yarımçıq qoymasına, fiziki və psixoloji travmalara səbəb olur. O, bu sahədə maariflənmənin, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin birgə fəaliyyətinin vacibliyini diqqətə çatdırıb.

Ardınca Sosial işin təşkili kafedrasının müdiri Nigar Şahhüseynbəyova və klubun ideya müəllifi, təsisçisi və kafedranın müəllimi Ayxan Şahbazov mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Tədbirdə erkən nikahın fəsadları ilə bağlı videoçarxlar nümayiş olunub, erkən nikahları yaradan əsas amillər, ailə və cəmiyyətin rolu, erkən nikahların qarşısının alınması yolları, həmçinin gənclərin hüquqları barədə fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Xəbər lenti