Logo

ADPU-nun Filologiya fakültəsində “Alimlərimizi tanıyaq və tanıdaq” layihəsinə start verilib

24.10.2025 23:03 54 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin dekanı dosent Könül Həsənovanın təşəbbüsü ilə keçirilən “Alimlərimizi tanıyaq və tanıdaq” layihəsinin məqsədi Azərbaycan elminin inkişafında mühüm rolu olan görkəmli alimlərin həyat və yaradıcılığını tələbələrə tanıtmaq, onların elmi irsini gənc nəsil arasında təbliğ etməkdir.

Oktyabrın 24-də keçirilen layihənin ilk tədbiri filologiya elmləri doktoru, professor Təyyar Salamoğluna həsr edilib.

Tədbirdən əvvəl Filologiya fakültəsinin tanıtım filmi nümayiş olunub. Filmdə fakültənin tarixi, professor-müəllim heyəti və fəaliyyəti haqqında geniş məlumat verilib.

Tədbirdə fakültənin professor-müəllim heyəti, tələbələr və dəvətli qonaqlar iştirak ediblər. 

ADPU-nun rektoru professor Cəfər Cəfərov, beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova, akademik Muxtar İmanov, dosent Qüdrət Umudov, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, Əməkdar incəsənət xadimi, tənqidçi İntiqam Qasımzadə, publisist, filologiya üzrə fəlsəfə doktoru Natəvan Dəmirçioğlu çıxışlarında layihənin əhəmiyyətindən danışmış, Təyyar Salamoğlunun zəngin elmi irsinin gənc tədqiqatçılar üçün örnək olduğunu vurğulamış, belə tədbirlərin tələbələrin elmə marağını artırdığını qeyd etmişlər.

Sonda Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova professor Təyyar Salamoğluna fakültənin elmi-pedaqoji fəaliyyətində göstərdiyi xidmətlərə görə təşəkkürünü bildirərək ona xatirə plaketini təqdim edib.

Xəbər lenti