Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı italyan bəstəkarı Pyetro Maskanyinin “Kənd namusu” birpərdəli operasının növbəti tamaşasını təqdim edib. Tamaşa Bakı Musiqi Akademiyasının Opera studiyasında nümayiş olunub.
“Kənd namusu” 2015-ci ildə alman rejissoru Lüdviq Bauman tərəfindən Bakıda tamaşaya qoyulub və o vaxtdan opera sənətini sevərlər arasında böyük rəğbət qazanıb.
Pyetro Maskanyi bu operanı 1890-cı ildə Covanni Verqanın eyniadlı novellası əsasında Covanni Tarconi-Tozzetti və Gvido Menaşinin librettosuna yazılıb. Premyera həmin il “Teatro dell'Opera di Roma”da baş tutub və italyan operasında “verizm” (italyan dilində “həqiqət” mənasını verən “vero” sözündən) adlı cərəyanın əsasını qoyub. Bu istiqamət əsrin sonlarında yox olsa da, onun ideyaları Cakomo Puççini, Françesko Çilea və başqa bəstəkarların operalarında, daha sonra isə İtaliya kinosunda öz əksini tapıb.
Opera və Balet Teatrının təqdim etdiyi tamaşa səhnəni bir daha dramatik hadisələr, ehtiras və möhtəşəm ifadə gücü ilə doldurub.
Santuzza rolunu oynayan Aytac Şixəlizadə şirnikləndirilmiş qızın sədaqətini və çılğın məhəbbətini ifadə edib, Əməkdar artist Azər Zadə isə ehtiraslı və valehedici gənc Turiddu obrazını canlandırıb. Beynəlxalq müsabiqə laureatı Taleh Yahyayev üçün məhəbbəti amansızlıq və qisasçılıq ilə əvəzlənən kənd taksi sürücüsü Alfionun rolu artıq tanışdır. Eləcə də rolunu hər zaman təsirli ifa edən, ana qəlbinin duyğularını məharətlə çatdıran Əməkdar artist Səbinə Vahabzadə üçün Lüçiya rolu. Lola rolunda Nina Makarova da öz qəhrəmanının qeyri-ciddi və hərdəmxəyal xarakterində özünü çox rahat hiss edir.
Tamaşanın bədii rəhbəri və dirijoru Xalq artisti Cavanşir Cəfərov, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Yusif Babayev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır. Gərgin süjet xətti, dərin emosional çıxışlar və musiqili müşayiət operasevərlərə unudulmaz anlar bəxş edib.