Bakı Dövlət Sirki ikiillik fasilədən sonra genişmiqyaslı şou ilə tamaşaçıların qarşısına çıxıb.
Təqdimat Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Macarıstan Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilib.
Bakı Dövlət Sirkinin direktoru Nahid Ağayev layihənin hazırlıqlarının bir il davam etdiyini vurğulayıb. O, bu genişmiqyaslı layihənin uğurlu təşkili və həyata keçirilməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib.
Budapeşt Dövlət Sirkinin direktoru Peter Fekete Azərbaycan və Macarıstan arasında mədəni əməkdaşlığın əhəmiyyətini qeyd edib: “Bu, Avropanın ən böyük şapito-sirki və bəlkə də dünyanın ən gözəl sirkidir. Məhz bu gün bu səhnədə belə bir əlamətdar hadisənin baş verdiyinə görə, Macarıstan və Azərbaycana, eləcə də Budapeşt və Bakı şəhərlərinə minnətdarlığımı bildirirəm”.
Tamaşada yeddi ölkədən – Macarıstan, Qazaxıstan, Gürcüstan, Belarus, Efiopiya, Argentina və Fransadan sirk ustaları iştirak ediblər.
Argentinalı sənətçilərin möhtəşəm jonqlyorluq çıxışları, Efiopiya akrobatlarının dinamik roller konkisürmə səhnələri və pilləkənlərdə çıxış edən Qazaxıstan qrupunun – beynəlxalq sirk festivallarının qaliblərinin gözqamaşdırıcı nömrələri alqışlarla qarşılanıb.
Bakı Dövlət Sirkinin direktoru Nahid Ağayev qeyd edib ki, bu, sirkin yeni məkanında təqdim olunan ilk böyük layihədir.
“2024-cü ilin yanvar ayından etibarən Bakı Dövlət Sirki əvvəlki inzibati binasında fəaliyyətini müvəqqəti olaraq dayandırıb. İndi isə biz yeni, müasir məkanda fəaliyyətimizi bərpa edirik. Şapito-sirki Mədəniyyət Nazirliyinin dəstəyi ilə Macarıstandan Azərbaycana gətirilib”, – deyə direktor qeyd edib.
N.Ağayevin sözlərinə görə, yeni proqramın əsas xüsusiyyəti onun Macarıstan Dövlət Sirki ilə ilk birgə layihə olmasıdır. Şouda macar sirk sənəti ustaları – klounlar, akrobatlar və müxtəlif janrlardan olan sənətçilər iştirak edirlər. Təqdim olunan nömrələrin çoxu Azərbaycanda ilk dəfə nümayiş olunur.
Qeyd edək ki, Avropanın ən böyük şapito-sirki Bakıda Su İdman Sarayında qurulub.