Logo

“Elm və təhsil yeniliklərinin media təqdimatı” - təlim

28.10.2025 13:26 170 baxış
IMG

Elm və Təhsil Nazirliyi tərəfindən media nümayəndələri üçün “Elm və təhsil yeniliklərinin media təqdimatı” mövzusunda ikigünlük təlim təşkil olunub.

Nazirlikdən bildirilib ki, təlimin keçirilməsində məqsəd elm və təhsil sahəsində aparılan islahatların, yeniliklərin və strateji istiqamətlərin media müstəvisində düzgün təqdimatı bacarıqlarının artırılması, həmçinin təhsil jurnalistikasının inkişafına dəstək göstərmək olub.

Proqram çərçivəsində media nümayəndələri üçün dörd panel sessiya təşkil edilib.

Birinci paneldə Elm və Təhsil Nazirliyinin Strateji planlaşdırma və təhlil şöbəsinin müdiri Leyla Xəlilova Rzazadə “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda elm və təhsil hədəfləri və nailiyyətlər” mövzusunda təqdimatla çıxış edib.

İkinci paneldə elm və təhsil nazirinin müşaviri, Təhsil İnstitutunun direktor əvəzi Elnur Əliyev və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu məktəbəqədər və ümumi təhsil sahəsində yeniliklər, beynəlxalq qiymətləndirmələr və monitorinqlər barədə məlumat veriblər.

Təlimin üçüncü panelində Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının rektoru Almaz Mahmud “Elm və təhsil mediada: təhsil jurnalistikası” mövzusunda təqdimat edib.

Təlimin ikinci günündə “Elm və ali təhsil sahəsində hədəflər” mövzusunda panel sessiyası təşkil edilib. Sessiyada Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman bu istiqamətdə görülən işlər və prioritetlər barədə məlumat verib.

Panel müzakirələrindən sonra elm və təhsil naziri Emin Əmrullayevin iştirakı ilə media ilə əməkdaşlığın əhəmiyyəti, ictimaiyyətlə açıq və şəffaf kommunikasiya mexanizmlərinin gücləndirilməsi istiqamətində fikir və təkliflər müzakirə olunub.

Təlim proqramı iştirakçılara sertifikatların təqdim edilməsi ilə yekunlaşıb.

Xəbər lenti