Bakı Dövlət Universitetinin (BDU) 23 tələbəsi “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı 2025”in qalibi olub.
Bu barədə BDU-dan məlumat verilib. Bu tədris ilində “Hənifə Məlikova-Zərdabi” adına təqaüd proqramından 93 tələbə qız faydalanacaq.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı 2025”in təqdimat mərasimi keçirilib. Tədbirdə BDU-nun “Hənifə Məlikova- Zərdabi təqaüd proqramı” üzrə aylıq təqaüdü qazanan, həmçinin ali məktəbə qəbul imtahanlarında yüksək bal toplayan 23 tələbəsi də təltif edilənlərin sırasında olub.
Xatırladaq ki, 2021-ci ildən həyata keçirilən təqaüd proqramının məqsədi cəmiyyətin diqqətini qızların təhsilinə cəlb etmək, dövlətimizin inkişafında gənclərin, xüsusilə qızların rolunun artırılmasını təşviq etmək və onların müasir təhsil imkanlarından faydalanmasına dəstək göstərməkdir.